6 Noyabr 2018 14:47
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan 7,62 x 54 mm çaplı HP-7,62 tipli hücum pulemyotunun seriyalı istehsalına başlanılıb.

Teleqraf.com nazirliyə istinadən məlumat verir ki, cari ilin sentyabrında Azərbaycanda keçirilmiş "ADEX-2018" üçüncü Beynəlxalq müdafiə sərgisində nümayiş etdirilmiş, iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmış hücum pulemyotu yerli mütəxəssislər tərəfindən hazırlanıb və sınaqları uğurla başa çatdırılıb.

HP-7,62 tipli hücum pulemyotu qısa məsafəli döyüşdə düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.

HP-7,62 tipli hücum pulemyotundan atəş iki ayaqdan və ya müxtəlif konstruksiyalı üçayaqlı və döyüş maşınlarında quraşdırılan dəzgahlardan aparıla bilər. Pulemyotun konstruksiyasında lülə üzərində bərkidilən istilik yayıcı sipər, yeni növ ikiayaq, yanağı və çiyinliyi olan teleskopik qundaq və əl qundağı tətbiq olunub. Əl qundağının aşağı və yan tərəflərində, eyni zamanda lülə qutusunun qapağı üzərində yerləşən “Pikatinni” tipli tamasalar (NATO-nun MİL-STD-1913 standartına uyğun) müxtəlif növ optik və kollimator tipli nişangahların, həmçinin pulemyotun taktiki imkanlarını artıran döyüş fənəri, əlavə dəstək, lazer hədəf göstəricisi və digər xüsusi avadanlığın bərkidilməsini təmin edir.

Atəş zamanı patronlar pulemyotun qəbuledicisinə tutumu 100, 200 və 250 patron olan səpələnməyən metal lent vasitəsilə ötürülür. Patron lentləri müxtəlif tutumlu patron qutulara yığılır. Pulemyotdan atəş aparmaq üçün 7,62 x 54 mm-lik adi (LPS), izburaxan (T-46M), zirehdələn-yandırıcı (B-32), yandırıcı-hədəfgöstərici (PZ) gülləli və boş tüfəng patronlarından istifadə olunur.

HP-7,62 tipli hücum pulemyotunun nişangah məsafəsi 1000 metr, uzunluğu 1080 millimetr, atış tezliyi dəqiqədə 650-750 atəş, döyüş atış tezliyi dəqiqədə 250 atəş, çəkisi isə 8,6 kiloqramdır. Hücum pulemyotu istənilən hava şəraitində ətraf mühitin ±50ºC temperatur diapazonunda istismar oluna bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər