Müsavat başqanının tənhalığı
Bu ayın əvvəlində Müsavat Partiyasının başqanı İsa Qəmbərin təşəbbüsü əsasında bir araya gələn partiyalar dəyirmi masa formatında əməkdaşlıq etməyə başlayıb. Söhbət ADP, ALP, AZDP, Müsavat, KXCP, VAMBP, Azadlıq, Ümid, BAP, VİP, Xalq Partiyası və digər təşkilatların bir araya gəlməsindən gedir. Bu partiyalar hər həftənin cümə günü bir araya gələrək müzakirələr aparır, vəziyyətlə bağlı fikirlərini bölüşürlər. Son toplantı zamanı isə ciddi fikir ayrılıqları yaranıb, iş o yerə çatıb ki, professor Hacıbaba Əzimov müzakirələri tərk edib.
Çıxış edənlərin əksəriyyəti isə Müsavat və KXCP-ni separatçılıqda günahlandırıb, bu partiyaların dəyirmi masa formatında əməkdaşlığından savayı həm də Milli Şura ilə yaxınlaşmasını tənqid ediblər. Vəziyyət elə həddə gəlib çatıb ki, sonda İsa Qəmbər çıxışı zamanı jurnalistlərdən xahiş edib ki, onun dediklərini mətbuata verməsinlər. Beləcə, İsa Qəmbər 20 dəqiqəyə yaxın çıxış edib və orada təmsil olunan partiyaları inandırmağa çalışıb ki, Müsavatın Milli Şuranın yaratdığı müdafiə komitəsində iştirakı bu partiyalara qarşı deyil.
Müsavat başqanı manevrlərə başlayıb
Müşahidələr və həm də məlumatlar göstərir ki, İsa Qəmbər özünün təşəbbüsü və KXCP sədri Mirmahmud Mirəlioğlunun təşkilatçılığı ilə bir araya gətirdiyi 14 partiya sədrini sona qədər bir arada saxlaya bilməyəcək. Bunu Müsavat başqanı da bilir. Bu səbəbdən də manevrlər etməyə start verib. Söhbət ondan gedir ki, Müsavat Partiyası Milli Şuranı tərk etdikdən sonra faktiki olaraq manevr imkanlarını itirmiş olub. Çünki bu partiya ilə heç bir təşkilat yaxından əməkdaşlıq etməyib. Yalnız “El” Hərəkatı bir müddət Müsavatla yaxınlaşmaq siyasəti yürüdüb. Sonra isə iki təşkilat arasında əməkdaşlıq haqda müqavilə imzalanması nəzərdə tutulsa da, bu baş verməyib. Müsavat yalnız Pənah Hüseyn və vaxtilə “Bizim Azərbaycan” blokunda olan cırtdan partiyalarla əməkdaşlıq etməyə başlayıb. Bu isə Müsavatın daha böyük oyunlarda iştirakı üçün manevr imkanları yaratmayıb. Ancaq İsa Qəmbər öz təşəbbüsü ilə bir neçə partiyanı bir araya gətirdikdən sonra Milli Şura ilə bərabərhüquqlu əməkdaşlıq etməyə nail ola bilib. Şuranın təşəbbüsü ilə keçirilən son toplantıda isə Gülağa Aslanlı, Arif Hacılı, Tural Abbaslı və digər Müsavat funksionerləri iştirak edib.
Milli Şura məqsədli olaraq Müsavatı yaxına buraxır
Milli Şura, konkret olaraq AXCP bu ayın sonlarında məqsədli şəkildə Müsavatı yaxına buraxıb, həbs edilən şəxslərlə bağlı İsa Qəmbərlə əməkdaşlıq etmək niyyətində olduğunu formal da olsa ortaya qoyub. Bunun isə özəl səbəbləri var. Hazırda Milli Şura özünü real müxalifət birliyi və hakimiyyətə ən real rəqib hesab edir. Ondan kənarda olan qüvvələri isə prinsipsizlikdə tənqid edir. İndiki halda özünü müxalifət birliyi elan edən Milli Şuraya sərf etmir ki, onun kənarında onlarla partiya bir araya gələrək müxalifət adına iddia etsin. Çünki bu halda düşərgədə iki birlik formalaşır. Bu birliyin birinə AXCP, digərinə isə Müsavat rəhbərlik etməli olur. Bu isə yenidən müxalifətdə birinci kimdir sualını ortaya qoyur. Ancaq indiki mərhələdə Milli Şura Müsavatı özünün yaratdığı quruma daxil etməklə bir növ bu qurum daxilində Müsavata nəzarət etdiyini göstərir, məhz Müsavatın ona doğru addım atdığı görüntüsünü yaradır. İkinci məqsəd isə müdafiə komitəsində birgə olmaqdan istifadə edərək onun qurultayı məsələsində nələrisə qazıb ortaya çıxarmaq istəyir.
Format dağılır
Ən son informasiyalar göstərir ki, İsa Qəmbər 14 partiyanı bir araya gətirsə də, artıq bu qurumun üçüncü toplantısından sonra onun dağılmasının əsası qoyulub. Bunun səbəbkarı isə İsa Qəmbərin özüdür. Artıq burada təmsil olunan bəzi partiyalar İsa Qəmbərin son addımlarını həzm edə bilmirlər. Bu son toplantıda özünü açıq göstərib. Səbəb isə sadədir. Müsavat başqanı bu formatda səs çoxluğuna nail olmaq məqsədilə əlində saxladığı cırtdan partiyaları da bura gətirir. Son toplantıda cırtdan partiya sədrlərindən Mirfazil Həmid və daha bir nəfər iştirak edib. Gözlənilir ki, növbəti iclasda Valeh Mirzəyev, Vaqif Hacıbəyli və digər partiya sədrləri də iştirak etsin. Bu isə o deməkdir ki, İsa Qəmbər dəyirmi masa formatında səs çoxluğuna nail olacaq və istənilən məsələni səsvermə ilə reallaşdıra biləcək. Müsavat başqanının ikinci məqsədi isə 2015-ci il seçkiləri zamanı bu birliyi seçki blokuna çevirmək və parlamentdə yer almaqdır. Müsavat başqanının bu ssenarisindən artıq duyuq düşənlər olub. Və hətta buna etiraz edənlər də var. Tələb edirlər ki, dəyirmi masada ancaq qeydiyyatdan keçən partiyalar və bir də nüfuzu olan, heç olmasa qurultay keçirməyi bacaran təşkilatlar iştirak etsinlər. Bu isə o deməkdir ki, İsa Qəmbərin ssenarisinə qarşı ciddi müqavimət başlayacaq. Bunun nəticəsi isə birləşmə baş vermədən yeni parçalanma olacaq.
Liberallar etiraz edir
Liberal Partiya artıq İsa Qəmbərin təşəbbüsü ilə bir araya gələn və onun məqsədinə xidmət edən birliyi tərk edib. Partiya sədri Əvəz Temirxan deyib ki, ALP-də toplantı keçirib, müzakirə aparıblar və sonda belə qərara gəliblər ki, partiyaların bölünməsi, hərənin özü üçün müdafiə komitəsi yaratması yolverilməzdir: “Bu səbəbdən də, biz partiyaların insan haqları məsələsində bölünməsində rol almaq istəmədik. Əgər insan haqları məsələsində bu iki fərqli müdafiə komitəsi bir araya gələrlərsə, biz bunu alqışlayar və birliyə qoşula bilərik”.
Temirxan deyib ki, ALP bu iki parçalanan tərəfi birləşdirmək məqsədilə təşəbbüs irəli sürməyəcək: “Əgər bir yerdə olub sonra parçalanıblarsa, deməli, bizim birlik cəhdlərimiz nəticə verməyə də bilər. Odur ki, xüsusi təşəbbüsümüz olmayacaq. Biz sadəcə onları birliyə dəvət edirik. Birləşsələr, biz də bu prosesə qoşulacağıq”.
ALP sədri deyib ki, KXCP qərargahında baş tutan toplantının İsa Qəmbərin təşəbbüsü ilə keçirilməsi haqda xəbərsiz olub: “Məni bu tədbirə KXCP rəhbərliyi dəvət etmişdi. Bu tədbirin İsa Qəmbərin təşəbbüsü ilə olduğunu düşünmürəm. Ancaq mən ora gedəndə gördüm ki, bütün partiyalar burada iştirak etmirsə, deməli nəsə var”.
Cavidan