Fevralın 27-28-i tarixlərində Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı, turizm potensialı, turizm-xidmət sahələrinin müasir vəziyyəti ilə yaxından tanış olmaq məqsədilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərlərinin Ağdam rayonuna və Naftalan şəhərinə səfərləri həyata keçirilir.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-ə yaxın nümayəndəsi iştirak edir.
Səfərin ilk günü xarici diplomatlar Ağdam rayonunda fəaliyyət göstərən muzey, müəssisə, mərkəzlər, o cümlədən Ağdam Xalçaçılıq Müəssisəsi, Qarabağ Atçılıq Kompleksi, Muğam Mərkəzi, Bayraq Muzeyi, eləcə də Bənövşələr qəsəbəsində, növbəti gün isə Naftalan şəhərinin turizm potensialı ilə tanış olacaqlar.