Tanınmış Azərbaycan yazıçısı Afaq Məsud Ermənistan İctimai Televiziyasında azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlərə görə tanınmış Rusiya teleaparıcısı Vladimir Poznerə məktub ünvanlayıb.
Məktubda deyilir: "Azərbaycanın qədim, əzəli torpağı olan Qarabağa getmək arzunuzu və qəlbinizin hər zaman ermənilərlə bir olduğunu bildirdiyiniz çıxışınızla təsadüfən bu yaxınlarda sosial şəbəkədə tanış oldum.
Mətləbə keçməzdən əvvəl istəyirəm biləsiniz ki, siz hər zaman Azərbaycanda istedadlı teleaparıcı, fərqli düşüncə sahibi kimi tanınmısınız, analitik təhlil qabiliyyətiniz, hadisə və situasiyalara təfsilatlı, dərin və ədalətli yanaşma tərzinizlə hər zaman azərbaycanlılar tərəfindən sevilmisiniz. Səhv etmirəmsə, sizin də Azərbaycan və azərbaycanlılarla bağlı elə bir probleminiz olmayıb. Lakin son günlər sosial şəbəkələrdə, az qala, Azərbaycan üzərində qələbə kimi yayımlanan “azərbaycanlıların qara siyahısı”na düşməklə bağlı sərgilədiyiniz acı ironiyanızın nədən qaynaqlandığı barədə xeyli düşünsəm də, bir şey anlaya bilmədim. Qəlbinizin ermənilərlə bir olduğunu uşaq cığallığıyla bəyan etməyinizin səbəbi də mənə qaranlıq qaldı. Bu, heç də həmin o “fərqli düşüncə”, “dərin və ədalətli yanaşma tərzi” sahibi olan Poznerin məntiqi, danışıq mədəniyyəti deyil. Sizcə, bununla azərbaycanlıları pərtmi etdiniz? Yoxsa, onları qəlbinizin ermənilərlə bir olması xəbəri ilə sarsıtdınız?
Sizi qınamıram, olsun ki, Qarabağın tarixi, mövcud qədim xəritələr, beynəlxalq ictimaiyyət tərəfindən qəbul və təsdiq olunmuş yüzlərlə sənəd, fakt və sübutlarla maraqlanmağa, bu məsələni araşdırmağa vaxtınız, ya həvəsiniz olmayıb. Həm də zaman sürətlənib, işləriniz çoxalıb, Ermənistanda kitabınız nəşr olunub, təbrik edirəm.
Amma bütün bunlar, dünyaca məşhur teleaparıcı, yaxud yazıçı olmanız, daha hansısa məziyyətləriniz heç də bütöv bir xalqın sağalmaz yarası, dərdi olan ağrılı, taleyüklü məsələ ilə bağlı bu qədər səthi, qeri-ciddi münasibət sərgiləməyə, üstəlik, insan və vətəndaş haqları kobudcasına pozulmuş, getmək arzusunda olduğunuz torpaqlarında, həmin o Qarabağda minlərlə soydaşı – qadınlar, körpələr, qocalar amansızcasına qətlə yetirilmiş, bu gün də o torpaqda təhqir və işgəncələr dolu əsirlik həyatını yaşamağa davam edən azərbaycanlılara iztehza bildirmənizə əsas vermir. Qəlbinizin də kimlərlə bir olub-olmaması nə azərbaycanlıların qəlbində, nə də Qarabağ Həqiqəti məsələsində heç bir əhəmiyyət kəsb etmir, bilin.
Təəccüblü deyil, son illərin mistik zaman axını bəşəriyyəti, insanlığı içi süd dolu nəhəng çəni çalxalayantək çalxalamaqda, yağı yağa, qaymağı qaymağa ayırmaqda, bulanıq suyunu dibə çökdürməkdədir. Bu illər ərzində sizli-bizli nə qədər işıqlı ziyalının, ədalət və vicdan sahibinin həmin o bulanıq çöküntüyə qərq olub həyatın dibinə yuvarlandığının şahidi oluruq. Bu, bizi həm heyrətləndirir, həm kədərləndirir. İstedad, ədalət və vicdan sahibi olanların, ziyalıların, qələm və sənət adamlarının həyatın hansı döngəsindəsə sınıb, xırdalanıb sağ ikən yoxa çıxması, sosial-siyasi, maddiyyat məngənəsində əriyib-itməsi acı kədərdən savayı ayrı bir hiss doğurmur.
Lakin Zaman amansız, tarixi həqiqət, Haqq əbədi və dəyişməzdir, bilin.
Və nə Zaman, nə Haqq haqsızları bağışlamır, bunu unutmayın!"