21 Aprel 2020 20:55
1 868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar jurnalist, professor Etibar Babayev xalq artisti Afaq Bəşirqızının "Elgizlə izlə" verilişində qeyri-etik ifadə işlətməsinə münasibət bildirib.

Etibar Babayev Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

"Haqqında bəhs etdiyiniz verilişə baxmamışam. Odur ki, aparıcının kimdən nə soruşub, cavabında nə eşitdiyi barədə fikir söyləyə bilmərəm. Mən də dünən kütləvi informasiya vasitələrində yayınlanan xəbərlərdən öyrəndim ki, ARB televiziya kanalının “Elgizlə izlə” verilişində əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya yayınlanması Milli Televiziya və Radio Şurasında müzakirə olunub və nəticədə kifayət qədər ciddi qərar qəbul edilib. Bildiyiniz kimi, bu yaxınlarda MTRŞ-nın rəhbərliyi təzələnib. Yəqin ki, məsələ müzakirəyə çıxarılmazdan öncə rəhbərliyin tapşırığı ilə diqqətlə araşdırılıb. Hesab edirəm ki, efirdə baş verən bu cür yolverilməz məqamlara Şuranın operativ münasibəti təqdirəlayiqdir.

Bu, Şuranın gələcək fəaliyyətində peşəkarlığın, tələbkarlığın artacağına ümidi, inamı artırır. Məlumat üçün onu da deyim ki, telekanallarda canlı bağlantı qurarkən qarşı tərəfdən hər cür nalayiq ifadə, təhqir, söyüş də gözləmək olar. Hamının əxlaqı, qəbul olunmuş etik normalara münasibəti istənilən səviyyədə deyil. Bundan kimsə öncədən sığortalana bilməz. Fəqət, belə halların qarşısını almaq üçün teleşirkətlərdə müvafiq avadanlıqlar quraşdırılır və bu işə nəzarət edən ayrıca məsul şəxslər müəyyən edilir.

Telefonla danışıqları canlı efirə müəyyən gecikmə ilə verildiyindən texniki cəhətdən belə halların qarşını almaq çox asandır. Yəni, qeyri-etik ifadələrin efirə getməsinin qarşısını almağın yolu var. Əgər yenə hardasa pozuntu baş verirsə, demək ki, bu, konkret şəxslərin məsuliyyətsizliyinin, texniki heyətdə əmək intizamının zəiflliyinin məntiqi nəticəsidir. Amma unutmaq olmaz ki, indiki halda teleməkanda daha təhlükəli hallar baş verir. Onların qarşısının qəti surətdə alınması artıq zamanın tələbidir. Bəzi bayağı verilişlərdə konkret olaraq bu və ya digər qeyri-etik ifadələr səslənməsi, tamaşaçıya təqdim olunan bəzi proqramlar mahiyyət etibarilə bizim milli-mənəvi, əxlaqi dəyərlərimizə ziddir".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər