7 Noyabr 2020 14:43
2 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurani-Kərimdə səcdə olunan bütün məkanların Allaha məxsus olduğu bildirilir. İslam dininin bu məsələyə yanaşması birmənalıdır. Əgər bu gün bir müsəlman hər hansı bir məkanda ibadət etmək istəsə və ətrafında məscid olmasa, kilsədə, sinaqoqda da ibadət edə bilər”.

Bunu Teleqraf.com-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

O bildirib ki, bütün səcdə olunan yerlər Allaha məxsusdur: “İslamın, müqəddəs Quranın, şəriətimizin bizə verdiyi dəyər ondan ibarətdir ki, tək olan Allaha ibadət üçün qərar verilən istənilən məkanda müsəlmanın ibadəti caizdir, yəni icazəlidir. Bu gün tikilən məscid, kilsə, sinaqoq heç də bir millətə və ya ümmətə məxsus deyil. Tək olan Allaha ibadət yeri tikilirsə, bütün səmavi dinlərə inanan insanlar o yerlərə ehtiramla, hörmətlə, izzətlə yanaşmalıdır. Bu yerlər müqəddəs məkanlardır, toxunulmazdır”.

Fuad Nurullayev hazırda Azərbaycanın hər yerində xristianlara məxsus ibadət evlərinin - udin kilsələri, pravoslav kilsələri, katolik kilsələri olduğunu deyir: “Mərhum Prezident Heydər Əliyev Bakıda katolik kilsənin tikilməsi üçün yerin ayrılmasına qərar verib. O cümlədən Ali Baş Komandanın sinaqoqların, kilsələrin tikilməsində böyük təşəbbüsü olub. Prezidentimiz tərəfindən həmin məbədlərə müəyyən yardımlar edilib. Hətta Şeyxülislam Allahşükür Paşazadə kilsəyə çilçıraq göndərib, o cümlədən yəhudilər üçün qəbiristanlıq yerinin ayrılmasında şeyxin böyük təşəbbüsü olub.

Bir faktı da qeyd edim ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein xəstələnəndə onu müalicə üçün Almaniyaya aparılması lazım idi. Şeyxülislam Allahşükür Paşazadə Heydər Əliyev Fonduna və Prezidentə onun müalicə xərclərinin qarşılanması üçün müraciət etmişdi. Şeyxülislam bu proseslərdə xüsusi olaraq iştirak etdi və təşəbbüs göstərdi ki, bu xərclərin hamısı çəkilsin. Şeyxülislam nəinki müalicə xərclərinin ödənilməsində iştirak etdi, hətta Aleksandr İşeinlə birlikdə Almaniyaya da getdi. Almaniyada həkim təəccübünü gizlətməyib Şeyxülislama deyib ki, siz İslam dininin ruhanilərindəsiz, amma gətirdiyiniz şəxs xristian dininin rəhbərləridir.

Şeyxin cavabı belə olub ki, biz qardaşıq, təbii ki, mən onun müalicəsi üçün əlimdən gələni əsirgəmirəm. Şeyx həkimin sualına cavab versə də, o, tərəddüddə qalıb. Xristian həkim heç cür düşünə bilməyib ki, İslam dinində olan bir şeyx xristian dinin rəhbərinin müalicəsi üçün onunla birgə Almaniyaya gələr. Bu, Azərbaycanın həyat tərzidir”.

İlahiyyatçının sözlərinə görə, hazırda Bakının mərkəzində erməni kilsə fəaliyyət göstərir: “Erməni kilsəsinin kitabxanası da var və heç kim onu dağıtmayıb. Amma Ağdamdakı, Qubadlıdakı, Zəngilandakı, Şuşadakı məscidlərdə ermənilər donuz saxlayır. Ermənilər insanlıqdan uzaq varlıqlardır. Onlar insanlığa düşməndirlər. Ermənilər Allahın müqəddəs məkanı olan yerləri tövləyə çeviriblər, hətta dinimizdə haram buyurulan donuzları saxlayıblar, bu, Allah evinə qarşı böyük hörmətsizlikdir. Bacardığımız qədər bu cür çirkin addımları dünyaya çatdırmaq üçün səylərimizi gücləndirməliyik. Hələlik müəyyən dövlətlər var ki, erməni yalanlarına inanır. Ermənilər təkcə Azərbaycana yox, bütün dünyaya və insanlığa böyük ləkədir.

Əgər Azərbaycanın 96 faizi müsəlmandırsa, qalana faizi də başqa dinlərin və təriqətlərin nümayəndəsidir. Biz onlara qardaş kimi yanaşırıq. Bütün dini tədbirlərimizdə bir tərəfdə yəhudi, bir tərəfdə xristian icmasının rəhbərləri oturur. Biz belə qardaşlığı yaşayırıq və yaşadacağıq. Bunun təməlini də mərhum Prezidentimiz Heydər Əliyev qoyub.

Əgər bir xalq insanlığa səmimidirsə və insanlığa dəyər verirsə, o, azadlığın nə olduğunu bilir və biləcək. O xalqın bayrağı həmişə uca olacaq və onun xalqı həmişə şərəflə və ləyaqətlə yaşayacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər