Biz dünyada gedən prosesləri diqqətlə izləyirik və görürdük ki, son illərdə beynəlxalq hüquq, onun norma və prinsipləri kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində qalır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında çıxışı zamanı səsləndirib.
Belə olan halda münaqişənin hərbi yollarla həllinin qaçılmaz olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bu ilin sentyabr ayında - müharibəyə üç gün qalmış BMT Baş Asssambleyasının kürsüsündən mən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır və Ermənistan dayandırılmalıdır. Belə də oldu. Bu il bizə qarşı üç dəfə hərbi təxribat törədildi. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi təxribat törədildi və Ermənistan bizim torpaqlarımızı işğal etmək istədi. Amma layiqli cavab aldı və biz onları yerinə oturduq. Avqust ayında Azərbaycana diversiya qrupu göndərildi, o diversiya qrupu da zərərsizləşdirildi. Nəhayət, sentyabrın 27-də bizim kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qalıb, mülki şəxslər və hərbçilər arasında itkilər olub. Biz dedik ki, yetər artıq, bu işğala son qoyulmalıdır və son qoyulacaq”.
Ali Baş Komandan qeyd edib ki, işğala son qoymaq, işğalçını cəzalandırmaq üçün ordumuza irəli əmri verdi. Azərbaycan 44 gün ərzində istədiyinə nail oldu, ədaləti bərpa etdi.