Türkiyə və Azərbaycanın siyasi cəhətdən əldə etdikləri çox önəmlidir. Bizdə zaman-zaman Türkiyə-Azərbaycan konfederasiyasının yaradılması məsələsi müzakirə olunur. Məncə, mövcud durum konfederasiyadan daha uğurlu bir modeldir.
Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı bildirib.
O qeyd edib ki, konfederasiyada bəlkə də bunu bacara bilməyəcəyik:
“Yəni Türkiyə ilə beynəlxalq və regional təşkilatlanma baxımından ayrı-ayrı platformada, ayrı-ayrı yarış meydanındayıq və bu, bir-birimizə çox faydalı olur. Hər iki prezident ayrı-ayrı-ayrı platformalarda bir-birinin ölkəsinə dəstək ifadə edirlər. Bu, çox önəmli təmsilçilikdir. Şəxsən mən konfederasiyadansa, mövcud əlaqələri daha da dərinləşdirərək, yəni institusional birlik yox, mahiyyət üzrə dərinlik qazanaraq davam etdirilməsinin tərəfdarıyam”.
Araz Aslanlı qeyd edib ki, iki ölkənin siyasi, iqtisadi münasibətləri yaxşıdır, amma hərbi münasibətlər indiyədək test edilməmişdi:
“Hərbi münasibətlərin gerçək testi 44 günlük müharibə oldu. Türkiyənin həlledici rolu çox önəmlidir. “Ehtiyac olarsa, meydanda olarıq” fikri çox vacibdir. Yəni həm başqa birinin prosesə qatılmasına mane olan bir məqam, “biri qatılarsa, sahədə olaram” fikrini gücləndirən bir məqamdır. Bunu türk rəsmilər də, bizim cənab prezident də müharibə günlərində dedilər”.
Araz Aslanlı qeyd edib ki, müstəqilliyin ilk illərində Türkiyə Azərbaycana yardım edir və investisiya yatırırdı, sonra isə Azərbaycan Türkiyəyə investisiya yatırmağa başladı:
“Amma artıq üçüncü ölkələrə birgə böyük investisiyalar yatırmaq məsələsində məncə, gecikirik. Düzdür, bəzi yerlərdə müəyyən kiçik təşəbbüslər var. Amma Azərbaycan və Türkiyənin dünyanın müxtəlif qitələrində strateji sahələrə ortaq yatırımları olmalıdır”.