15 Mart 2021 16:03
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir ildən artıqdır ki, bütün bəşəriyyəti cənginə alan koronavirus pandemiyasının təhlükəli tendensiyaları davam edir. Dünya dövlətləri öz xalqlarını pandemiyadan qorumaq üçün bir sıra önləyici tədbirlər həyata keçirir. İnsanlar artıq bu virusun təsirlərindən qorunmaq üçün vərdiş halını almış müəyyən davranışlarla yaşayırlar. Virusa qarşı mübarizədə dövlətlərin tətbiq etdiyi qaydalar bir çox hallarda eynilik təşkil edir. Daha çox qapanmaların həyata keçirilməsi, insanların bir yerdə toplaşmasının - kütləviliyin qarşısının alnması bu virusun geniş arealda yayılmasının qarşısını alan tədbirlərdəndir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

O bildirib ki, pandemiya ölkəmizdə yayılan ilk gündən dövlət tərəfindən önləyici addımlara atılıb:

“Daha çox insanın bu virusa yoluxmaması üçün zəruri olaraq iş yerlərinin, ictimai müəssisələrin qapadılması həyata keçirilib. Paralel olaraq virusdan qorunmanı təşkil etmək üçün müasir avadanlıqlar, qoruyucu vasitələrin ölkədə istehsalı təmin edilib. Cəmiyyətimiz artıq bir ildən çoxdur ki, bu virusa qarşı mübarizədə həmrəylik nümayiş etdirir. Eyni zamanda iş yerlərinin qapadılması əlavə sosial qayğılar yaradır deyə dövlət bu məsələləri də diqqətdə saxlayıb. Ardıcıl olaraq sərt karantin dövründə sosial təminatı zəif olan, daimi iş olmayan insanların ehtiyacları qarşılanıb”.

Məlahət İbrahimqızı artıq virusa qarşı mübarizədə bəlli bir nöqtəyə çatıldığını, vaksinasiya dönəminin başladığını qeyd edib:

“Hazırda ölkəmizdə risk qrupuna aid olan insanların vaksinasiyasından sonra digər sosial qrupların mərhələli şəkildə vaksin vurdurması planlaşdırılır. Azərbaycan dünyada vətəndaşlarının vaksinasiyasını həyata keçirən ilk dövlətlər sırasındadır. Baxmayaraq ki, hazırda dünyada vaksinin eyni şəkildə paylanması prosesi getmir. Bəzi dövlətlər əhalisinin sayından artıq vaksin sifariş etməklə digər ehtiyacı olan dövlətləri təhlükə qarşısında qoyur. Bu isə ədalətsiz bir yanaşmadır”.

Deputat vurğulayıb ki, Novruz bayramının gəlişi ilə əlaqədar olaraq insanlar arasında daha sıx təmasın olması yoluxma sayının daha da artması ilə nəticələnə bilər:

“Bu virusun təhlükəlilik dərəcəsi tam aradan qalxmadan insanlarımıza sıx təmaslardan yayınmağı, qonaq getməməyi tövsiyə edirik. Bu qaydalara əməl etməklə yoluxmanın qarşısını ala bilərik".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər