14 Aprel 2021 13:36
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hörmətli Aleksandr Qriqoryeviç, Sizi yenidən görməyimə şadam. Dünən bizim qeyri-rəsmi formatda ünsiyyət saxlamaq, ikitərəfli gündəliyə aid məsələlərin geniş spektrini, regional problemləri müzakirə etmək imkanımız oldu. Bu gün dialoqumuzu davam etdiririk".

Teleqraf.com xəbər verir ki, bunu aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə işgüzar səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşündə deyib.

"Ölkələrimiz arasında münasibətlərin inkişafına görə çox şadam. Sizinlə biz əlaqələrimizə elə dinamizm gətirmişik ki, bütün istiqamətlər üzrə inkişaf olduğunu, razılaşdırdığımız məsələlərin praktiki həllini görürük. Qarşılıqlı səfərlərimiz müntəzəm xarakter daşıyır. Mən Belarusa səfərlərimi, Sizin Azərbaycana səfərlərinizi yaddaşımda təzələmişəm. Bütün bunlar ölkələrimiz arasında sıx qarşılıqlı siyasi əlaqə, yüksək səviyyədə etimad olduğunu və nəticəyə hədəflənməyimizi göstərir. Odur ki, qarşılıqlı iqtisadi fəaliyyət çərçivəsində yaxşı nəticələr görürük. Keçən il pandemiyaya baxmayaraq, bizim əmtəə dövriyyəmiz artıb, Azərbaycandan Belarusa ixrac da artıb. Ona görə bu gün sənaye kooperasiyası ilə bağlı məsələləri də daha ətraflı müzakirə edəcəyik. Sizinlə birgə qərarımıza əsasən artıq çoxdandır ki, Gəncədəki sənaye müəssisəsi fəaliyyət göstərir", - Azərbaycan Prezidenti deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər