29 İyun 2021 18:00
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70%-i qonşu ölkələrdə formalaşıb, transsərhəd su axınları hesabınadır. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalan çaydır. Qafan və Qacaran dağ – mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir”.

Bunu Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı deyib.

Qurum rəsmisi qeyd edib ki, Oxçuçay Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına tökülür: “Bunu nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi təsirlərə yol aça bilər.

Heç kəsə sirr deyil ki, çay suyunun ağır metal və duzlarla çirklənməyə məruz qalması, mədən və emal müəssisələrinin fəaliyyəti nəticəsində formalaşan və birbaşa çay hövzəsinə axıdılan tullantı suları hesabına baş verir. Ermənistanın ən böyük mədən müəssisələrindən birinin Sünik vilayətində, Oxçuçay çayının mənbəyində (Ermənistanda Voqji çayı adlanır) yerləşməsi onun bu mənbələr hesabına çirklənmə faktını təsdiq etməyə əsas verir. Ermənistandakı Qacaran mis-molibden zavodu və Qafan filiz emalı zavodu tərəfindən normadan dəfələrlə artıq ağır metalların çaya atılması yalnız çay faunasını, ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Çirklənmiş suyun istifadəsi zərərli nəticələrə - mədə-bağırsaq traktının pozğunluqlarına, böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslərə, ürək-damar, sinir sistemlərinin pozulması problemlərinə yol aça bilir”.

Emin Qarabağlının sözlərinə görə, işğaldan azad edilmiş Zəngilan rayonu ərazisindən axan yerli çaylarda ekoloqlar tərəfindən monitorinqlər aparılıb: “Oxçuçaydan 2021-ci ilin yanvar-iyun aylarında götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. ETSN-nin monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel - 7 dəfə normadan yüksək olub, çayın rəngi çirkələnmə səbəbindən vaxtaşırı dəyişib. 2021-ci ilin mart ayında çayda qızılxallı balığın (Small Trout) kütləvi ölümü qeydə alınıb.

Bu ilin mart ayında Oxçuçay çayının Zəngilanın Şayıflı və Cahangirbəyli kəndlərindəki hissəsində aparılan vizual monitorinq zamanı Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilən 227 kiçik qızılxallı balıq və 330 şirbit balıqlarının kütləvi ölümü müşahidə edilib. Balıqların ölümünə səbəb çayın suyundakı dəmir, mis, nikel, molibden və digər ağır metalların çoxluğu olub.

Çayın suyu və dib çöküntüləri nümunəsinin təhlilləri ETSN-nin sifarişi əsasında Almaniyanın beynəlxalq səviyyədə akkreditə olunmuş və sertifikatlaşdırılmış SGS laboratoriyasında aparılıb (“Societe General de Survelliance Azeri Ltd” LLJ ilə müqavilə əsasında). Oxçuçay çayından götürülmüş su nümunələrinin sınaq nəticələri çay səthindəki sularda ağır metalların, xüsusən dəmir, mis, manqan, molibden, sink, xrom, nikel və digərlərinin yüksək miqdarda olduğunu aşkar edib, hətta çöküntü nümunələrində təhlükəli maddələrin konsentrasiyasının normadan dəfələrlə artıq olduğu müəyyən edilərək, çayın çirklənmə səviyyəsinin kritik olduğu aşkar edilib”.

Şöbə müdiri təəssüflə qeyd edib ki, çayların böyük bir hissəsinin Azərbaycan ərazisinə axdığı Ermənistan hələ də Transsərhəd Su hövzlərinə dair Helsinki Konvensiyasına qoşulmayıb: “1992-ci ildə Helsinki (Finlandiya) şəhərində qəbul edilmiş bu beynəlxalq sənəd transsərhəd səth və yeraltı sularının ekoloji cəhətdən etibarlı idarə olunmasına və qorunmasına yönəlmiş milli tədbirlərin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün bir mexanizm rolunu oynayır.

Bunu nəzərə alaraq ETSN Oxçuçayın ekoloji böhranı və kritik vəziyyəti, o cümlədən Ermənistan tərəfindən davamlı çirkləndirilməsi baxımından çay və onun ekosistemi üçün gözlənilən ekoloji risklər barədə məlumatlandırma və çirklənmənin qarşısnın alınması məqsədilə beynəlxalq təşkilatlara müraciət edib.

Bununla əlaqədar UNEP-in Avropa Ofisinin direktoru cənab Bruno Pozziyə, UNECE-nin icraçı katibi xanım Olga Algayerovaya göndərilən məktublarda Oxçuçayın ekoloji böhran vəziyyətində olması və məsələnin ciddiliyi barədə məlumat verilib, Ermənistan tərəfindən bölgənin unikal ekosisteminin dönməz məhvinə səbəb olan transsərhəd çirklənmənin qarşısını almağa çağırış edilib.

Oxçuçayın ekoloji deqradasiyası barədə və Ermənistanın belə davamlı çirkləndirmə fəaliyyətinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi tələbi ilə UNECE-nin Konvensiya katiblərinə - Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi üzrə katibi Sonja Koeppelə, eləcə də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Konvensiyanın katibi Tea Aulavuoya da müvafiq müraciətlər edilib.

Eyni zamanda, İran İslam Respublikası Ətraf Mühit İdarəsinin rəhbəri İsa Kalantariyə hər iki ölkənin ətraf mühitinə təsir edən bu mənfi transsərhəd təsirin qarşısının alınması üçün ortaq hərəkətlərin zəruriliyini əks etdirən məktub göndərilib. Həmçinin bu problemin birlikdə həll olunmasına xidmət edəcək ortaq işçi qrupun yaradılması təklif edilib.

Beynəlxalq təşkilatlarla yanaşı, ETSN Alman Bundestaqına, Yaşıllar Fraksiyası nümayəndələrinə müraciət edərək Almaniyanın “Kronimet Holding” şirkətinin əsas səhmdarı olduğu Qacaran mədənini işlədən “Zəngəzur Mis Molibden Zavodu”nun ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə törədən fəaliyyətinə diqqəti yönəltməyə dəvət edib.

Almaniya Bundestaqının Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi Komitəsinin sədri, xanım Sylvia Kotting-Uhl-a, Almaniya Bundestaqının Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi Komitəsinin spikeri xanim Steffi Lemkeye və Alman Bundestaqında Yaşıllar Fraksiyasının Ətraf Mühit Siyasəti üzrə sözçüsü professor Bettina Hoffmanna müvafiq müraciətlər və məktublar ünvanlanıb.

Məktublarda ETSN tərəfindən Alman hökuməti, vətəndaş cəmiyyəti və ictimaiyyətinin bu məsələyə tezliklə münasibət bildirməsinə dair gözləntilər ifadə edilib. Bununla yanaşı məktublarda Ermənistandakı çoxsaylı ekoloji təşkilatların da Oxçuçayın Ermənistan ərazisində ciddi çirklənməyə məruz qalması ilə əlaqədar qaldırdıqları narahatlıqlar, erməni media mənbələrindən faktlar da təqdim edilib”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər