Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında terror-təxribat törətməkdə ittiham olunan Ermənistan vətəndaşları – Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan iclasda məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib.
Daha sonra dövlət ittihamçısı Vüqar Quliyev ittiham aktını elan edib.
İttihama görə, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçiblər. Onlar Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutublar. 13 dekabr 2020-ci ildək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslər bildiriblər ki, onlara ittihamın mahiyyəti aydındır, onlar ittiham üzrə özlərini günahkar bilməyiblər.
Hakim bildirib ki, əvvəlcə təqsirləndirilən şəxslərin dindirilməsi ilə proses davam edəcək, daha sonra şahidlər dindiriləcək, sonda isə sənədlərin tədqiq mərhələsi keçiriləcək.
Daha sonra Qevorkyan Robert Ovikoviç sərbəst ifadə verib. Bildirib ki, onlara qarşı verilmiş ittihamlarla razı deyil. O, Qarabağa gəlməsindən danışıb:
"Bizi noyabrın 26-da hərbi hissəyə çağırdılar. Orada bizə silahlar verdilər. Noyabrın 27-də biz artıq postlarda idik. Orada biz başa düşdük ki, artıq Laçındayıq. Orada rus sülhməramlılarını gördük. Komandirlərimiz sülhməramlılarla danışdılar. Onların razılığı ilə yolumuzu davam etdirdik. Bir qədər getdikdən sonra maşından düşdük, yolumuza piyada davam etdik. Bu zaman erməni əsgərlərinin aşağı düşdüyünü gördük. Yuxarıda isə azərbaycanlı və erməni hərbçilərinin arasında sülhməramlılar var idi.
Biz orada 14 gün qalmalı idik. Komandirlərimiz bizə Azərbaycan hərbçilərinə atəş açmamaq barədə göstəriş veriblər. Hətta Azərbaycan əsgəri belə yaxınlaşsa, onlara atəş açmamağı komandirlərimiz tapşırıb. Əmr gəldi ki, dağdan aşağı düşək. Oradan da bizi Ermənistana aparacaqdılar. Aşağı düşəndə komandirlərimiz yox idi. Qarşımıza "Yaşma"nın əsgərləri çıxdı. Həmin əsgərlərin komandiri özünü təqdim etdi, bizə dedilər ki, silahları yerə qoyun, təslim olun. Biz də təslim olduq".
Prokurorluq suallarına cavab verən təqsirləndirilən şəxs bildirib ki, onları hərbi hissəyə çağıranda müharibənin bitdiyini biliblər: "Bizi ehtiyat qüvvə kimi cəbhəyə apardılar. Orada olan hərbçiləri əvəz etməli, əsgərlər dincəlməli idilər. Biz ümumilikdə 100 nəfər idik, bizi bir avtobusla dağa apardılar".
Təqsirləndirilən şəxsin sözlərinə görə, müharibənin bitməsi ilə bağlı imzalanan aktın məzmunundan xəbəri olmayıb: "Biz hesab edirdik ki, sülh müqaviləsi ilə bağlı atəşkəs elan olunub. Biz olduğumuz yer Laçın ərazisi idi. Əvvəllər də Laçın ərazisində olmamışdım. Dağda olan da komandir Arsen Kazaryan olub. Rütbəsi də mayor idi. Biz onu komandir kimi qəbul etmişik, ona tabe olmuşuq".
Təqsirləndirilən şəxs deyib ki, sülhməramlıların postundan keçən zaman qeydiyyatlarının aparılması ilə bağlı heç nə bilməyib, sülhməramlılarla komandirləri danışıb.
Qevorkyan Robert Ovikoviç bildirib ki, dəstənin rəhbəri Geverkiyan olub: "Bizə orada dedilər ki, bu ərazilər Ermənistan tərəfdə qalıb, erməni əsgərləri öz mövqeyində dayanıblar. Laçın ərazisinin Azərbaycanın olduğunu bilməmişəm".
Daha sonra təqsirləndirilən şəxs müdafiəçilərin suallarını cavablandırıb.
Təqsirləndirilən şəxs bildirib ki, ailə üzvləri ilə danışıb, onlar Laçında olduğunu biliblər.
Prokurorun vəsatəti əsasında Qevorkyan Robert Ovikoviçin ibtidai istintaqda verdiyi ifadəsi elan olunub. İstintaqa verdiyi ifadəsində deyib ki, Arsen Kazariyandan əlavə onların Artur adlı rəhbərləri də olub: "Biz iki saata yaxın yol gəldik. Dağa çatanda içində hərbçilər olan maşınla rastlaşdıq. Bizi Arsen Kazariyan dağa apardı. Arsen Kazaryan bizi oraya qoyandan sonra özü başqa yerə getdi. Kazaryanla birlikdə erməni əsgərlərindən də aşağı enən oldu. Biz dekabrın 13-dək orada qaldıq. Məqsədimiz orada mövqelərimizi qorumaq idi, bizə yaxınlaşan əsgərlərə silahlı müqavimət göstərmək tapşırılıb. Arsen həmin ərazilərin Ermənistana aid olduğunu deyib, biz də ona inanmışıq. Orada bölgü ilə xidmət aparmışıq. Dekabrın 13-də rəhbərimiz olan Qrac Arsen Kazaryanla danışdı. Bizim dağdan aşağı düşməyimizi Arsen əmr verdi".
Prosesdə bir saat fasilə elan olunub.