“Facebook”, “İnstagram”, “WhatsApp” kimi şirkətləri özündə birləşdirən “Meta” təhdidlərlə bağlı hesabatını dərc edib.
Teleqraf.com xəbər verir ki, hesabatda Azərbaycanla da bağlı müddəalar var.
Sənədə ölkəmizlə bağlı daxil edilən hissə “Azərbaycandan hibrid əməliyyat” adlanır.
Hesabatın Azərbaycanla bağlı olan hissəsində deyilir:
“Biz Azərbaycanda həm kibercasusluqla məşğul olan, həm də orijinal olmayan davranışları əlaqələndirən mürəkkəb şəbəkəni sıradan çıxardıq. Bu, ilk növbədə Azərbaycandan olan insanları, o cümlədən xaricdəki demokratiya fəallarını, müxalifətçiləri, jurnalistləri və hökuməti tənqid edənləri hədəfə alıb. Bu kampaniya məhsuldar, lakin incəliklər baxımından aşağı idi və Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. Bu, bir sıra taktikaları - fişinq, sosial mühəndislik və hakerlikdən tutmuş əlaqələndirilmiş qeyri-müəyyən davranışa qədər bir çox şeyi özündə birləşdirirdi.
Bu əməliyyat Azərbaycanda demokratiya fəallarının, müxalifətçilərin və jurnalistlərin internet saytlarını və onlayn hesablarını hədəfə alıb və iki məqsəd güdür kimi görünür: hədəflər haqqında şəxsi məlumat əldə etmək və onlar haqqında və ya onların adından xüsusi fikirləri (hekayələri) təbliğ etmək.
Onlar xəbər saytlarına və bir sıra internet xidmətlərinə, o cümlədən “Facebook”, “Twitter”, “LinkedIn”, “YouTube” və rusca “VK” və “OK”ə diqqət yetiriblər. Bu, hibrid casusluq və CIB kampaniyasının başqa bir nümunəsidir”.
Hesabatda həmçinin qeyd edilir ki, bu fəaliyyətin arxasında duran şəxslər səhifələri idarə etmək, bu səhifələrin və hesabların qanuni sahibləri kimi görünmək üçün saxta və təhlükəyə məruz qalmış hesablardan istifadə ediblər:
“Bu hesablar, adətən, müxalifət, fəallar, jurnalistlər və vətəndaş cəmiyyətinin digər üzvləri haqqında Azərbaycan dilində tənqidi və ya kompromat şərhlər yerləşdiriblər”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Teleqraf.com-a sözügedən hesabatla bağlı açıqlama verib.
O, həmin bəyanatın tamamilə əsassız və uydurma bir iddia olduğunu deyib: “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi qanunla müəyyən edilmiş vəzifələrin icrasını təmin edir. Yəni ölkədə ictimai asayişi və ictimai təhlükəsizliyi təmin edir, cinayətkarlığa qarşı mübarizə aparır. Onların dediyi tamamilə əsassız iddiadır”.
Ehsan Zahidov “Daxili İşlər Nazirliyi “Meta” şirkətinə qarşı məhkəmə iddiası qaldıracaqmı” sualına əhəmiyyət vermək istəməyib.