Ermənistan Baş naziri Nikol Paşinyan son toqquşmalar fonunda İkinci Qarabağ Müharibəsində olduğu kimi, son proseslərə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdaxiləsini tələb edib. Paşinyanın təkidi əsasında təşkilata üzv dövlətlərin liderləri videoformat çərçivəsində qısa müzakirə keçiriblər. Bir daha bəlli oldu ki, Ermənistanın təxribatlarına görə təşkilata üzv dövlətlər Azərbaycan əleyhinə qərar qəbul etmək istəmirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilir.
Mərkəzi ekspertlərinin fikrincə, KTMT-də Ermənistan xaricində üzv dövlətlərin Azərbaycanla sıx tərəfdaşlıq münasibətləri var:
“Təşkilatın üzvlərindən Qazaxıstanın Prezidenti Kasım Jomart Tokayev avqust ayında Azərbaycana səfər etmiş və bildirmişdi ki, Azzərbaycanla strateji tərəfdaşlıq strateji müttəfiqlik səviyyəsinə qaldırılıb. Tokayev videformat çərçivəsində keçirilən müzakirədə Paşinyana bir daha xatırladıb ki, Ermənistanın Azərbaycanla mübahisəsinə qarışmayacaqlar, bunun əvəzinə sülh sazişinin imzalanmasını dəstəkləyirlər. KTMT Paşinyanı sakitləşdirmək üçün sadəcə Ermənistana ekspert qrupu göndərəcək.
Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının bu gün işinə başlayan zirvə toplantısına qatılmaması KTMT üzvlərinin xoşuna gəlməyəcək. Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək. Halbuki Paşinyan Səmərqənddə İlham Əliyevlə görüşüb son vəziyyəti müzakirə edə bilərdi, amma bu fürsəti qaçırtdı.
Bu arada, Çin lideri Si Cinpin Səmərqənddən əvvəl Qazaxıstana səfəri diqqət mərkəzində idi. Tokayev Çinlə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Çin Qazaxıstanın əsas ticarət tərəfdaşlarındandır. Si Cinpin də çıxışında ölkəsinin Qazaxıstanla əlaqələrə önəm verdiyini bildirib. Cinpinin sonrakı cümləsi də maraqlıdır: “Pekin bundan sonra da Qazaxıstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyəcək”.
Təhlildə qeyd edilir ki, Çin liderinin bu cümləsi Kremlə mesajdır:
“Çünki məhz Rusiyanın siyasi və ekspert dairələrində Qazaxıstanın ərazi bütövlüyünü şübhə altına alan açıqlamalar səsləndirilir və bunlar mediada yayımlanır. Qazaxıstanın ərazi bütövlüyünü dəstəkləmək Pekinə praktik baxımdan da vacibdir. Çindəki uyğurların bir hissəsi öz hüquqları uğrunda mübarizə aparır. Pekin bu mübarizəni Çinin ərazi bütövlüyünə təhdid kimi qiymətləndirir. Pekin Qazaxıstanın ərazi bütövlüyünü dəstəkləməklə Nursultanın da Çinin ərazi bütövlüyünü dəstəkləməsini istəyir. Çünki Çindəki rejimin işgəncələrindən qaçan uyğurların bir qrupu Qazaxıstanda sığınacaq tapıb.
Çin Qazaxıstana milyardlarla dollar yatırım qoyub. Pekin “Bir Kəmər - Bir Yol” layihəsini reallaşdırmağa çalışır. Bu layihəyə xeyli ölkə cəlb olunub. Qazaxıstanla yanaşı, Azərbaycan da bu layihənin tərkib hissəsi olmaq istəyir. Rəsmi Bakının Şanxay Əməkdaşlıq Təşkilatına marağı məhz bununla bağlıdır.
İrəvan da Çinin bu layihəsində iştiraka can atır. Ancaq Paşinyan bugünkü toplantıya qatılmamaqla Ermənistanın bu layihədə iştirakı imkanını minimuma endirir”.