“Qarabağla bağlı vaxtı uzatmağa tərəfdar olan müxtəlif qüvvələrin fəaliyyəti bölgəni geosiyasi qarşıdurmanın hərbi mərhələsinə çatdıra bilər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Ekspert Ermənistanın Azərbaycana qarşı son təxribatlarının arxasındakı məqamlara diqqət çəkib:
“Sentyabrın 28-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində ən azı 3 erməni əsgəri məhv edilib. Hadisədən dərhal sonra Nikol Paşinyan sosial şəbəkədə paylaşım edərək, Azərbaycanı Ermənistan sərhədləri daxilində “təxribat törətmək və atəşkəsi pozmaq”da günahlandırıb.
Paylaşımında diqqət çəkən məqamlardan biri də budur ki, Paşinyan insidentlərin qarşısını almaq üçün beynəlxalq monitorinq missiyasının bölgədə yerləşdirilməsinin vacibliyini bildirib.
Xatırladım ki, Paşinyan bundan əvvəl ABŞ və Fransada səfərdə olarkən də beynəlxalq missiyanı ölkəsinə dəvət etmişdi. Qarabağdan fərqli olaraq, Paşinyan hazırkı toqquşmalar çərçivəsində istədiyi ölkə və təşkilatı Qərbi Zəngəzur və Göyçəyə dəvət edərək, bu addımla Rusiyaya qarşı demarş etmiş olur. Rusiya sərhədçilərinin, FSB-nin və 102-ci bazanın Ermənistanda olduğu bir vaxtda İrəvanın son bir aydakı bəyanatları Moskva ilə arasındakı ipləri qoparmaq deməkdir.
Ermənistan ordusunun Azərbaycan istiqamətində törətdiyi təxribatlar və İrəvanın Qərbdəki bəzi dövlətlərlə bağlı qapılar arxasında əldə etdiyi razılaşmalar onu deməyə əsas verir ki, yaxın vaxtlarda daha bir qapaz başlarında çatlayacaq”.
Zaur Məmmədov Ermənistanın ABŞ və ya Qərblə yaxınlaşmasına münasibətdə İranın susqunluğuna da toxunub:
“Ermənistanın beynəlxalq qüvvələri Cənubi Qafqaza gətirmək istəyi fonunda İranın susqunluğu qəribədir və anlaşılan deyil. Sərhədlərin dəyişməsinə qarşı çıxan Tehran bir azdan müxtəlif bayraqlı silahlı əsgərləri bölgədə gördükdə nə edəcək?
Birmənalı şəkildə deyə bilərik ki, Qarabağla bağlı vaxtın uzatmasının tərəfdarı olan müxtəlif qüvvələrin fəaliyyəti bölgəni geosiyasi qarşıdurmanın hərbi mərhələsinə çatdıra bilər. Bu isə olduqca təhlükəlidir. Təbii ki, baş verənlərlə bağlı ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür”.