Dünya mətbuatı Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkarlanan kütləvi məzarlıqla bağlı məlumatlar yaymaqda davam edir.
Teleqraf.com xəbər verir ki, ərəb mediasında erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində Xocavəndin Edilli kəndində vəhşicəsinə qətlə yetirdikləri azərbaycanlıları kütləvi basdırdıqları daha bir məzarlığın tapılması barədə xəbərlər yayımlanıb. Misir, İordaniya, İraq və BƏƏ-nin “Əl Ğad”, “Əl Ənbat”, “Əl Səad”, “Ən Nahar”, “Elaf” və digər qəzet və portallarında yayımlanan xəbərlərdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Edillidə aşkar edilmiş daha bir kütləvi məzarlıqla bağlı tviter səhifəsində paylaşımı yer alıb. Ərəb ölkələri ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Azərbaycan rəsmisi Edilli kəndinin Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edildiyini, indiyədək 4 min azərbaycanlı hərbçi və mülki vətəndaşın itkin düşmüş olaraq qaldığını, ermənilərin kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina etdiklərini bildirib.
İnformasiyalarda vurğulanıb ki, məzarlıqda 12 nəfərin qalıqları aşkarlanıb. Əşyalarla birlikdə tapılan skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
Materiallarda qeyd olunub ki, bu ilin fevralında Edilli kəndində tapılan birinci məzarlığı lentə alan jurnalistlər arasında Misir və Əlcəzair KİV-in nümayəndələri də olublar.
Braziliyanın “https://azerination.com.br” xəbər saytında yerləşdirilən və Andreia Hirominin qələmə aldığı “Qarabağda basdırılmış meyitlərdə işgəncə izləri aşkarlanıb” sərlövhəli məqalədə də Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqdan bəhs edilib. Birinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən Azərbaycan hərbçilərinin işgəncə verilərək qətlə yetirilməsi Cenevrə Konvensiyasının, beynəlxalq hüquq və humanitar normalarının kobudcasına pozulması kimi səciyyələndirilib. Ermənistanın indiyədək 4000-dək azərbaycanlının taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırdığına, öz hərbi cinayətlərini gizlətməyə çalışdığına diqqət cəlb edilib.
Müəllif xatırladıb ki, Ermənistan silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi ksenofob cinayətlərin geniş siyahısında Xocalı soyqırımı da var. Ermənilərin azərbaycanlılara qarşı nifrətdən yoğurulmuş münasibətini İkinci Dünya müharibəsində alman faşistlərinin davranışına bənzədən müəllif sual edib: “Günahkarlar nə zaman cəzalandırılacaq? Beynəlxalq hüquq kimin üçündür?”.
İran KİV-ləri də Edillidə aşkar olunmuş kütləvi məzarlıqla bağlı xəbərlərə geniş yer ayırıb.
Bu ölkənin “bartarinha”, “dolatebahar”, “barkhat”, “sahrekhabar” xəbər saytlarının yaydıqları informasiyalarda da kütləvi məzarlıq barədə materiallar dərc edilib. Materiallarda vurğulanıb ki, məzarlıqda aşkar edilən geyimlər və əşyalar onların Azərbaycan hərbçiləri olduğunu təsdiqləyir. Diqqətə çatdırılır ki, skeletlərin əksəriyyətinin baş sümüklərində güllə deşikləri aşkarlanıb. Bu fakt əsir azərbaycanlı hərbçilərin yaxın məsafədən vurulduqlarını təsdiqləyir.
Qeyd olunub ki, 1990-cı illərin əvvəllərində baş verən Birinci Qarabağ müharibəsində Azərbaycan tərəfindən 4 min insan itkin düşüb. Xocavənd rayonunun Edilli kəndi həmin illərdə Ermənistan tərəfindən işğal olunmuşdu. İkinci Qarabağ müharibəsində həmin ərazilər işğaldan azad olunub və orada qazıntı işləri aparılıb.
Bolqarıstanın da aparıcı KİV-ləri Xocavənd rayonunda tapılan kütləvi məzarlıqla bağlı məsələni diqqət mərkəzində saxlayıblar. Bu ölkənin “Fakti”, “24Chasa”, “Novini”, “NetNews”, “Bulbox”, “Utroruse”, “Armymedia”, “Alfarss”, “Novini247”, BTA və digər xəbər agentlikləri və nəşrlərinin yaydıqları məlumatlarda göstərilir ki, 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi zamanı erməni separatçıları tərəfindən öldürülən Azərbaycan əsgərlərinin Xocavənd rayonunun Edilli kəndində yeni kütləvi məzarlığı aşkarlanıb. Diqqətə çatdırılıb ki, hələ bu ilin fevralında Edilli kəndində işgəncə verilmiş 25 cəsəd olan kütləvi məzarlıq tapılıb. Eyni zamanda, Birinci Qarabağ müharibəsindən itkin düşmüş 4000 azərbaycanlı haqqında hələ də məlumat yoxdur və Ermənistan kütləvi məzarlıqların yerini açıqlamaqdan imtina edir.
Məlumatlarda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin tviter səhifəsində paylaşımına istinadla qeyd edilib: “Edilli kəndində 1-ci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı tapılıb”. Həmçinin bildirilib ki, Azərbaycan hərbi prokurorluğunun Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayətlərlə bağlı istintaqa başlayıb.
Serbiyanın “RTS” radio-televiziya kanalı Azərbaycanın işğaldan azad olunan ərazilərindən reportaj hazırlayıb. Reportajda Xocavənd rayonunun Edilli kəndində 1990-cı illərdəki birinci müharibədə şəhid olmuş azərbaycanlı əsgərlərin olduğu növbəti məzar aşkar edildiyi bildirilib. Qeyd edilib ki, Edilli kəndində ümumilikdə 3 kütləvi məzarlıq aşkar olunub. Birinci və ikinci sahədə ümumi 6 skelet, üçüncü sahədə isə 12 skelet sümüyü aşkarlanıb. Skeletlər hərbçilərə aiddir. Üzərlərində paltarlar, ayaqlarında qara dəriyə bənzər çəkmələr var. Sümüklər müayinə üçün məhkəmə tibbi kriminalistika şöbəsinə göndəriləcək.
Sonda qeyd olunub ki, ermənilərlə azərbaycanlılar arasında 2020-ci ilin son müharibəsi 44 gün davam edib və Azərbaycanın strateji əhəmiyyətli dağ şəhəri olan Şuşanın azad edilməsi ilə başa çatıb. Şuşa tarix boyu alınmaz qala olub. Ona görə də bura hər bir azərbaycanlı üçün çox vacib məkandır.
İsveçin ən böyük qəzetlərindən olan “Aftonbladet”, “Sydsvenskan”, “Uppsala Nya Tydning” nəşrlərində və bir sıra digər internet portallarında yerləşdirilən informasiyalarda Qarabağda kütləvi əsgər məzarlığı aşkarlandığı qeyd edilib.
Yazılarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin tviterdəki paylaşımından da sitat gətirilib: “Edilli kəndində Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalan və öldürülən Azərbaycan hərbçilərinin kütləvi məzarlığı aşkarlanıb… 1990-cı illərdəki müharibədən bəri 4000 azərbaycanlı itkin düşüb”.
Xəbərlərdə, həmçinin qeyd olunur ki, Azərbaycan 17 hərbi əsiri ABŞ-ın vasitəçiliyi ilə Ermənistana qaytarıb.