Oktyabrın 14-də İsveçrənin Cenevrə kantonunun Ali Şurasında “Ermənistanın salamat qalması naminə” adlı separat sənəd müzakirə olunub.
Teleqraf.com xəbər verir ki, bədnam qətnamə İsveçrə Sosialist və Xristian Demokrat partiyaları tərəfindən irəli sürülüb.
Müzakirədən sonra qəbul edilən qətnamədə Azərbaycana qarşı təxribatçı və düşmən mövqeyini əks etdirən çağırışlar yer alıb.
Bədnam qətnamədə İsveçrə parlamenti Azərbaycanın Ermənistana “təcavüz”ünü qınamağa, “Azərbaycanın addımlarının İsveçrədə bu ölkənin xammalının satışından əldə olunan gəlirlər hesabına maliyyələşdirilməməsi” üçün tədbirlər görməyə çağırılır.
Qətnamənin müəllifləri öz düşmən ritorikalarında bir az da irəli gedərək, Ermənistanın Azərbaycana qarşı separatçı iddialarına da dəstək veriblər. Belə ki, bədnam sənəddə “Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ”nu tanımaq çağırışına da yer verilib.