“Azərbaycanın Laçın yolundan qanunsuz keçidlərə görə verdiyi təpki qarşısında Moskva da müəyyən addımlar atmağa məcbur olur”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert Laçın yolu ətrafında gedən son gəlişmələrə diqqət çəkib:
“Ermənistan Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Laçın yolunun açılması ilə bağlı iş apardıqlarını deyir. Məğlub ölkənin təhlükəsizlik xidmətinin rəhbərinin bu açıqlaması qəribə və məntiqsiz görünür. Hansı işi apara bilərlər? Bura bizim ərazimizdir, onlara bizim işlərimizlə məşğul olmaq ixtiyarını heç kəs verməyib.
Məğlub və kiçik Ermənistan Azərbaycanın qarşısına tez-tez “təklif və şərtlər”lə çıxır, çünki məğlubiyyətlə barışa bilmir. Daha doğrusu, Ermənistan hakimiyyəti geri dönüşü olmayanda yolda olduğunu bilir, buna görə də prosesdən kiçik də olsa, qazanclı çıxmağa çalışır. Bu, Baş nazir Paşinyana həm də daxili auditoriya qarşısındakı reytinqini qorumaq üçün lazımdır.
Paşinyanın nə düşünməsindən asılı olmayaraq, hazırda həm diplomatik, həm də hərbi meydanda üstün və qalib tərəf Azərbaycandır. Buna baxmayaraq, İrəvan çalışır ki, Azərbaycanla mümkün sülh sazişində onun da istəkləri nəzərə alınsın. Ermənistanın bu təkliflərinin qəbul ediləcəyi inandırıcı görünmür.
Ümumiyyətlə, Azərbaycan öz ərazi bütövlüyünə qarşı olan heç bir təklifi qəbul etməyəcək. Bu, hazırda gündəmdə olan Laçın yolu məsələsinə də aiddir. Humanitar keçidlər istisna olmaqla, Laçın yolundan Azərbaycana qarşı yönəlmiş heç bir zərərli fəaliyyət üçün istifadə edə bilməyəcəklər. Artıq Azərbaycan addım-addım yola öz nəzarətini bərpa edir”.
Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycan Ermənistanın Laçın yolu ilə bağlı heç bir təklifini qəbul etməyəcək:
“Ermənistanın Laçın yolu ilə bağlı Azərbaycanın üstünə təkliflə gəlməsi absurddur. Çünki bura bizim ərazimizdir və bu, bizim daxili işimizdir. Bunu təkcə Ermənistana yox, Azərbaycanı “fakt” qarşısında qoymaq istəyən digər dövlətlərə də bildirmişik.
Rusiyaya gəldikdə, Azərbaycanın Laçın yolundan qanunsuz keçidlərə görə verdiyi təpki qarşısında Moskva da müəyyən addımlar atmağa məcbur olur. Bu, ilk növbədə, Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxarılması ilə əlaqəlidir. Rusiya lideri Putin separatçının bununla bağlı müraciətini yerinə yetirdi. Moskva bununla guya Vardanyanın onlarla əlaqəsinin olmadığını göstərir. Halbuki Vardanyanın Xankəndiyə Moskvadan göndərildiyini bilməyən yoxdur.
Digər yandan, Rusiya bu addımla baş verənlərin məsuliyyətini ərazilərimizdəki qanunsuz fəaliyyətlərinin başında dayanan Vardanyanın üzərinə atmaq istəyir. Unutmaq olmaz ki, Vardanyanın bu qanunsuz fəaliyyətlərinə rus sülhməramlıları da şərikdir.
Üzləşdiyi çətin durum qarşısında Azərbaycanla münasibətlərini korlamaq istəməyən Rusiya həm də bölgədəki Türkiyə faktorunu da nəzərə alır”.