3 Mart 2023 09:37
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əfsuslar olsun ki, Hacı Şahinin vaxtsız və qəfil vəfatı hamımızı çox üzdü. Amma apardığımız ilkin tibbi araşdırmalardan sonra bəlli oldu ki, hadisə heç də qəfil və sirli olmayıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə millət vəkili, tanınmış ürək və damar cərrahı Rəşad Mahmudov sosial şəbəkə hesabında yazıb.

“Aldığımız ilkin tibbi (anamnestik) məlumatlardan bəlli oldu ki, Hacı Şahin Həsənli uzun illərdən bəri (2016-cı ildən) dəfələrlə ürək şikayətləri ilə həkimlərə müraciət edib. Hər dəfəsində də ona anjioqrafiya müayinəsinə mütləq ehtiyac olduğu bildirilib. Əfsuslar olsun ki, hər dəfəsində də bir bəhanə ilə müayinədən uzaqlaşıb. Dünən isə yenidən təcili yardıma kəskin ağrılarla müraciət edən mərhuma (kəskin koronar sindrom) xəstəxanaya yatmasının vacibliyi bildirilsə də, ilkin yardım sonrası ürək ağrısı keçincə yenidən öz istəyi və yaxınlarının imzalı sənədi ilə təcili yardımdan ayrılaraq evinə gedib. Təcili yardımda baxılan analizdə troponin dəyəri normadan yüksək çıxıb Bu hadisə müalicə olunmayan ürək xəstəliyi səbəbindən baş verib: “Bir ürək həkimi kimi onu deyə bilərəm ki, nəticədə uzun illərdən bəri ondan imdad gözləyən ürəyi gecəyarısı qəfil və sirsiz bir şəkildə, genişmiqyaslı infarktla ölümə səbəb olub”, - Rəşad Mahmudov qeyd edib.

Onun sözlərinə görə, bütün bunlar bir daha göstərir ki, hadisə daha çox çarəsi olan, “gəlirəm” deyən, amma müalicə olunmayan ürək xəstəliyindən baş verib.

Bu tibbi məlumatı paylaşmaqda məqsədim cəmiyyəti az da olsa bilgiləndirmək və lazımsız şübhələrə son verməkdir. Əlbəttə ki, hüquq-mühafizə orqanları məsələni daha dərindən araşdıraraq hər hansı bir suistimal və s. varsa, hadisəyə aydınlıq gətirəcək”.

Qeyd edək ki, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli ötən gün 48 yaşında vəfat edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər