Türkiyənin “Axşam” qəzetinin köşə yazarı Murad Özər yerli telekanallara müsahibəsi zamanı səhhəti pisləşən Prezident Rəcəb Tayyib Ərdoğan üçün səhərə qədər dua edildiyini deyib.
Teleqraf.com xəbər verir ki, jurnalist bu səbəbdən yaranan 20 dəqiqəlik fasilə zamanı baş verənlərdən danışıb.
“O gecə səhərə kimi baş verənlər belə oldu: təkcə Türkiyədə deyil, dünyanın hər yerində - Fələstindən Nigeriyaya, Anqoladan Pakistana, Bosniya və Herseqovinadan Azərbaycana qədər bir çox ölkədə hamı dua etdi. Bir anın içində bütün dünya ayağa qalxdı”, - Özər bildirib.
Jurnalist Prezident Ərdoğanın dünyada bu qədər sevilən nadir liderlərdən biri olduğunu söyləyib:
“Rəbbim onu başımızın üstündən əskik etməsin. Çünki o olmasa, böyük bir qaranlıq olar. İnsanlar alternativi olanları da görürlər”.
Qeyd edək ki, Prezident Tayyib Ərdoğan aprelin 25-də yerli telekanalların birgə canlı yayımına qatılıb. Amma müəyyən müddətdən sonra yayım birdən kəsilib. Ardınca, Prezident Ərdoğanın həmin an kiçik bir narahatlıq keçirdiyi deyilib.
Qısa fasilədən sonra yenidən ekranlara qayıdan Türkiyə lideri deyib:
“Dünən və bu gün gərgin təşviqat işləri vardı. Üstünüzə sağlıq, bir az soyuqdəyməm var. Hətta “ləğv edəkmi” dedim, amma sonra “söz vermişik, gedək” dedim. Sizdən və tamaşaçılardan halallıq istəyirəm”.