Hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı Teleqraf.com-un suallarını cavablayıb.
Onunla müsahibəni təqdim edirik:
- Məhəmməd müəllim, müstəqil və hüquqi Azərbaycan dövlətinin təkmilləşdirilməsində ulu öndər Heydər Əliyevin hansı rolu olub?
- Heydər Əliyev hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl siyasət yeridərək, ilk növbədə ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərini bərqərar edib. 70-90-cı illərin sonuna qədər Heydər Əliyev hüquq təhsilində apardığı siyasət inqilabi olmuşdu. Tarixi araşdırmalar apardığım zaman məlum oldu ki, ulu öndər hakimiyyətə gəldikdən sonra hüquq fakültəsinin əyani və qiyabi şöbəsinə fəhlə və kəndli uşaqlarının qəbul olunmasına şərait yaradıb.
Həmin dövrlərdə rəhbər vəzifələrdə - prokuror, məhkəmə sədri işləyən şəxslərin övladlarına isə həmin fakültəyə SSRİ-nin digər ölkələrində qəbuluna icazə verib. Heydər Əliyevin hakimiyyəti dövrünə qədər hüquq fakültəsinə qəbul olanlar ancaq minimal sayda, eləcə də etnik mənsubiyyəti erməni, rus və metis (qarışıq) uşaqlar olub.
Bir növ hüquq fakültəsinin rüşvət və xahiş müqabilində zəbt olunan yerlərinə azərbaycanlı kəndli və fəhlə övladları üçün əlçatmaz idi.
Heydər Əliyev SSRİ kimi bir dövlətdə təhsil siyasətini idarə edən Mərkəzi Komitənin bütün qərarlarını alt-üst etmiş və müstəqil surətdə qərar qəbul etmişdi. Faktiki olaraq fəhlə, kəndli balalarının hüquq fakültəsinə qəbulunun önünü açmışdı. Artıq bu fakültəyə dağ kəndindən gələn, ucqar yerlərdə doğulan, Vətənini sevən, milli qanı olan uşaqların qəbulu ilə bağlı geniş imkanlar yaradılmışdı.
Həmin dövrü təhlil etdikdə aydın olur ki, istər Dövlət Təhlükəsizlik Xidməti, istər Baş Prokurorluq, istər Daxili İşlər Nazirliyi, istərsə də məhkəmə sistemi həmin dövrdə hüquq fakültəsinə qəbul olan savadlı, yüksək intellektə malik hüquqşünasların çiyni üzərində dururmuş.
Heydər Əliyev hüquq siyasətini həyata keçirməklə Azərbaycan dövlətinin gələcəyini fikirləşmiş və nəticədə hüquq-mühafizə orqanlarını milliləşdirə bilmişdi. 1990-cı ilin sonuna qədər hüquq fakültəsini bitirən məzunlar Azərbaycan dövlətinin hüquq və məhkəmə siyasətini həyata keçirən milli kadrlardır. Bu, Heydər Əliyevin hüquq elmi və hüquqşünaslar qarşısında, eləcə də Azərbaycanın tarixi hüquq sisteminin formalaşmasında ən ali tarixi xidmətlərindən biridir.
- Heydər Əliyev uzun illər Qarabağın işğaldan azad olunması üçün beynəlxalq müstəvidə danışıqlar apardı. Təzyiqlərə rəğmən güzəştə getmədi...
- Ulu öndərin bu istiqamətdə də misilsiz xidmətləri olub. 1999-cu ildə Heydər Əliyev Amerikada Robert Koçaryanla görüşür. Amerikanın, yarıtmaz Minsk Qrupunun və Fransanın təkidlə tələb etdiyi danışıqlarda Azərbaycana torpaq mübadiləsi təklif olunur. Səhəri gün bu məsələ ilə bağlı guya konstruktiv imzalanma mərasimi olacaqdı. Amma Heydər Əliyev ərazi mübadiləsi ilə bağlı edilən təklifi bir gecədə alt-üst edir. O, təkrar danışıqlarda bildirir ki, hər hansı ərazi mübadiləsindən söhbətin gedə bilməz və Qarabağ Azərbaycanın suveren ərazisidir.
Ulu öndərin digər tarixi xidmətlərindən biri Qarabağda uzunmüddətli atəşkəsə nail olmasıdır. Bununla da o, Azərbaycan ordusunun formalaşmasına və güclənməsinə xüsusi əhəmiyyət vermişdi və ordumuzun Qarabağı işğaldan azad etməsi üçün uzunmüddətli strategiyaya imza atmışdı. Həmin dövrdə davamlı müharibə əldən düşmüş, nizamsız ordunun Rusiyanın köməyi ilə vəhşi erməni silahlı birləşmələri tərəfindən daha da dağılması demək idi.
Heydər Əliyev dəfələrlə Minsk Qrupunun həmsədrlərinin fəaliyyətsizliyini, erməni özbaşınalıqlarına göz yummalarını və tərəfkeşlik əməllərini faktlarla sübut etmiş və bunu açıq şəkildə tribunadan demişdi. Yəni mərhum prezident strateji maraq baxımından gələcəkdə Azərbaycanın qələbəsini təmin edən qərarlar qəbul etmişdi. Azərbaycan ordusunun gələcək qələbəsini təmin etmək üçün qardaş Türkiyə ilə sıx əlaqə qura bilmişdi.
Bir sözlə, Heydər Əliyevin həm təhsil, həm hüquq, həm də Qarabağ siyasəti bundan sonra da yüzilliklər boyu yaşayacaq və gələcək nəsillərin yaddaşında daha da möhkəmlənəcək. Çünki ulu öndər Azərbaycan tarixinə adını qızıl hərflərlə yaza bilmiş dahi şəxsiyyət kimi düşdü.
- Mərhum dövlət başçısı Azərbaycanda parçalanma, vətəndaş qarşıdurması, xaos, anarxiya və özbaşınalıq meyllərinin artdığı bir vaxt hakimiyyətə gəldi. O, Azərbaycanı necə xilas etdi?
- 1990-cı illərdə Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanı İran, Rusiya, Fransa və Ermənistan kimi yırtıcı düşmənlərdən qorudu və ölkəni xilas etdi. Azərbaycanın xilasında Heydər Əliyev müstəsna rol olub.
Demək olar ki, Azərbaycan ətrafında olan düşmən dövlətlər tərəfindən parçalanma təhlükəsi ilə üz-üzəydi. Ölkəyə bütün istiqamətlərdə hücumlar təşkil olunurdu. Azərbaycan ərazilərinin parçalanması və dövlətin varla-yox olmaq arasında qaldığı bir məqamda tarixi şans Heydər Əliyevə verildi. Onu paytaxta Azərbaycan xalqı dəvət etdi. O, kataklizmlərin ağır dövründə gəlib Rusiyanın ordu qüvvələri tərəfindən təşkil olunmuş bütün oyunları alt-üst etməyə başladı.
Milli Məclisdə çoxu onun əleyhinə idi. Bu gün əksəriyyəti öz xatirələrində ulu öndərlə danışdıqlarını deyir. Bunların hamısı yalandır. Milli Məclisdə Heydər Əliyevin Azərbaycana gəlişinin əleyhinə olan və hazırda dövlətin xüsusi strukturlarında yerləşmiş adamların tarixi keçmişini araşdırdıqda görürük ki, onlar ümummilli lider zala daxil olanda ayaqlarını yerə döyən və Azərbaycanın guya Qarabağı heç zaman azad edə bilməyəcəyi ilə bağlı illüziyalar uyduranlardır. Müxtəlif telekanallarda dahi şəxsiyyətin əleyhinə çox ciddi ittihamlar səsləndirən şəxslər bu gün ulu öndərin 100 illik yubileyi ilə bağlı monoloqlar söyləyirlər.
Əslində Heydər Əliyevin dövrü Azərbaycan dövrü adlandırılmalıdır. Heydər Əliyev ömrünün ən yaxşı çağlarını Azərbaycanın xoş gələcəyi üçün xərclədi. Xalqın xilaskarı son hədəfi olaraq Azərbaycanın müqəddəratı, gələcəyi və Qarabağın işğaldan azad olunması üçün özünə varis kimi İlham Əliyevi göstərdi. Bununla da dövlətə ən böyük töhfəni verdi.
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli” istiqaməti üzrə hazırlanıb.