5 İyun 2023 13:30
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 5-dən 11-dək Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayıb.

Bu haqda Teleqraf.com-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib:

"Biz keçən il Bakı Dövlət Universitetində l Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirdik. Festival olduqca rəğbətlə qarşılandı. Bu il də ll Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirmək qərarı verdik. Keçən ildən fərqli olaraq festival üç gün deyil, bir həftə - iyunun 5-dən 11-dək davam edəcək.

Türkdilli ölkələrdən daha çox sayda qonaqlarımız var, 30-a yaxın. Tanınmış alimlər, ziyalılar, beynəlxalq təşkilatların rəhbərləri, şairlər, yazıçılar Bakıya gəliblər. Builki tədbir AMEA-nın parkında nəzərdə tutulub. Hər saata uyğun proqramlarımız, yubiley tədbirlərimiz var. Məsələn, Mehmet Akif Ərsoyun 150 illiyi, Mikayıl Müşfiqin 115 illiyi, Nigar Rəfibəylinin 110 illiyi, Mir Cəlalın 115 illiyi, Zəhirəddin Məhəmməd Baburun 540 illiyi qeyd olunacaq.

Eləcə də tədbir hər bir ölkənin adı ilə (Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Macarıstan) adlandırılacaq.

Yeddi gün ərzində həmin ölkələrin mədəniyyətinə həsr olunmuş tədbirlər olacaq. Festivalda ilk dəfə hər axşam bir filmin nümayişi nəzərdə tutulur. Bu gün saat 19:30-da xalq artisti Oqtay Mirqasımın "Qisas almadan ölmə. Keçmişdən məktublar" filmi göstəriləcək. Sabah isə qazax filmi "Büyük Bozkırın Şafağı"i təqdim olunacaq.

Konsert proqramlarımız, şeir saatlarımız, yazıçılarla görüşlərimiz var. Festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar iştirak edəcəklər".

Xəyal Rza festivala aid posterdə Rum rəqəmindən sonra şəkilçinin işlənməsi səhvinə də münasibət bildirib. O, səhvin sosial şəbəkədə müzakirəsinə etiraz edib: "Çox nahaq yerə bu səhv müzakirə olunur. Çünki texniki səhv deyə bir anlayış var.

Bu böyüklükdə festivalın qüsursuz keçməsini ağlına gətirən adam hər halda məntiqi düşünə bilmir. Bir gün mikrofonda qüsur ola bilər. Bir gün kimsə səhnədən düşə bilər. Qüsurlar həmişə mümkündür. Posterdəki səhv səhnə dekorasiyasını həvalə etdiyimiz şirkətin səhvidir. Biz səhvi görən kimi düzəltdirdik. Çox elementar, bəsit səhvdir. Mənə elə gəlir ki, bəsitliyi şouya çevirənlər ikrah hissi doğururlar".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər