22 İyun 2023 16:57
2 997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla Azərbaycan arasında son gərginliyə baxmayaraq, sülh danışıqları tam sürətlə davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Artıq məlumdur ki, gələn həftə ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin iştirakı ilə danışıqlar aparılacaq. Bu, Qərb platformasında danışıqların davam etdiyini göstərir. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel də bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi növbəti raundla davam edəcək.

Bu o deməkdir ki, hansı açıqlamaların verilməsindən, sərhəddəki gərginliyin hansı dinamikaya malik olmasından asılı olmayaraq, danışıqlar prosesi tam sürətlə davam edir. Beləliklə, danışıqlar dayandığı nöqtədən davam edəcək. Bakıdan gələn bəyanatlara əsasən, prosesdə ən azı Azərbaycan tərəfi üçün müsbət sayıla biləcək irəliləyiş var. Bakı prosesin gedişindən razıdır”, - məqalədə deyilir.

Nəşr əlavə edir:

“Belə olan halda sual yaranır ki, niyə əvvəlki görüş Bakının istəyi ilə təxirə salınıb? Hər hansı fərziyyə irəli sürmək çətindir, amma ola bilsin, həmin gecikmənin yaratdığı vaxt intervalında Türkiyə-Azərbaycan məsləhətləşmələri baş tutub və Ankara ilə Bakı arasında müəyyən məsələlər tənzimlənib, bundan sonra prosesdə yenidən hərəkət əlamətləri görünməyə başlayıb.

Bütün bunları Rusiyanın prosesə yönəlmiş tənqidləri ilə birləşdirsək, deyə bilərik ki, Qərbin regionda mövqelərini gücləndirməyə yönəlmiş diplomatik irəliləyiş baş vermiş hesab oluna bilər”.

Rusiyadan Qərbin, xüsusən də ABŞ-ın Ermənistan-Azərbaycan prosesindəki roluna dair son tənqidi fikir Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovadan gəlib. Rusiya rəsmisi ABŞ-ı sülh prosesini pozmaqda ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər