“Ermənilərin təbliğat-təxribat kampaniyası iflasa uğrayıb. Onların “irad”larının heç biri həqiqətə uyğun deyil”.
Bu sözləri Teleqraf.com-a Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
“Azərbaycan Laçın yolunu bağlamayıb. Humanitar gediş-gəliş üçün sərhəd məntəqəsi açıqdır. Yüklərin daşınması üçün Xankəndi-Ağdam yolu təklif olunub. Buna görə də onlar istəyirlər ki, apardıqları “kampaniya”nın hansısa nəticəsi olsun. İstisna etmirəm ki, yenə də həmişə olduğu kimi, təxribat törədib, hansısa formada hərbi toqquşmaya əl atsınlar. Bundan sonra hay-haray salacaqlar ki, guya Azərbaycan onlara qarşı güc tətbiq edib. Azərbaycan tərəfi artıq məlumat yayıb ki, Ermənistan sərhəddə əlavə hərbi qüvvə yerləşdirib. Bir sözlə, təxribata hazır olmalı, lazımı şəkildə cavab verməliyik”, - sabiq nazir bildirib.
Onun sözlərinə görə, ermənilər ilkin mərhələdə bu təbliğat və səs-küylərinin nəticə verəcəyini düşünürdülər:
“Hətta BMT-yə də müraciət ediblər, amma görürük ki, heç bir nəticəsi yoxdur. Çünki Azərbaycanın verəcəyi cavab bəllidir, yəni yol açıqdır. Biz sadəcə öz suveren hüquqlarımız çərçivəsində istənilən istiqaməti təklif edə bilərik. Onlar isə təxribata əl ataraq öz “məqsəd”lərinə çatmağa çalışırlar.
Mümkün hərbi toqquşmanın nəticələri bəllidir, itkilər verəcək və heç bir şey əldə etməyəcəklər. Amma baş verənləri təhrif edilmiş formada dünya ictimaiyyətinə təqdim etmək onların ümumi siyasətinə uyğun olan bir davranışdır”.