“İran ABŞ-ın Ermənistanda keçirdiyi təlimlə bağlı İrəvana qapalı rejimdə mövqeyini çatdırıb”.
Bunu Teleqeraf.com-a politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, İran xarici işlər nazirinin sözçüsü Qarabağda keçirilən qondarma seçkilərlə bağlı mövqeyi əslində Ermənistana bir mesaj idi:
“İranın vitse-prezidenti Məhəmməd Cəmşidi İbrahim Rəisi ilə Nikol Paşinyan arasında telefon danışığı ilə bağlı sosial şəbəkədə bir məlumat paylaşdı. Cəmşidi paylaşımında qeyd edir ki, İran tərəfi Güney Qafqazda 3+3 formatını dəstəkləyir, bundan kənar qüvvələrin regionda mövcudluğunu qəbul etmir. Həmin qüvvələri bölgəyə gətirən isə Ermənistandır. Tehrandan İrəvana şübhəli səfərlər barədə də mesaj verilib.
Artıq İran və Ermənistan xarici işlər nazirləri arasında da ABŞ-la təlimlər müzakirə olunub. İranlı nazir bir daha bundan narazılıqlarını dilə gətirib. Tehranın bölgədənkənar aktorların iştirakının qəbuledilməzliyi ilə bağlı mövqeyini İrəvanın diqqətə çatdırıb.
Narazılıqlar diplomatik kanallarla çatdırılır. Hər halda bu məlumatlar mətbuata sızır. Əlbəttə, İran Ermənistanın bu addımından məmnun deyil. Hesab edirəm ki, Ermənistan bu siyasəti davam etdirəcəyi təqdirdə iki ölkə arasındakı münasibətlərdə narazılıq elementləri artacaq”.