“Azərbaycan-Rusiya-Türkiyə üçlüyü Paşinyana bu ilin sonunadək Azərbaycanla sülh sazişini imzalaması və Ermənistanın 3+3 formatına qoşulması üçün hər cür şərait yaradır, onun önündəki bütün maneələri bir-bir aradan götürür”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.
Ekspert sülh müqaviləsinin imzalanması üçün münbit zəminin yetişdiyini bildirir:
“Əgər 19-20 sentyabrda keçirilən antiterror tədbirləri ilə erməni faşizminin başı əzilmiş və Qarabağ mövzusu Ermənistanla sülh danışıqlarının tormozlayıcı predmeti olmaqdan çıxarılmışdısa, ardınca da sülh prosesini pozacaq terrorçu-separatçı hərəkatın əsas liderlərinin qandallanaraq Bakıya, DTX-nın təcridxanasına gətirilməsi Paşinyanın əlindən bütün bəhanələri almaq deməkdir. Uzun illər Rusiya hərbi kəşfiyyatının nəzarətində olmuş separatçı liderləri Qarabağdan qaçırmaq və ya gizlənmək imkanları olduğu halda, bölgədəki rusiyalı hərbçilərin buna əl atmaması bir daha təsdiqləyir ki, Kreml Azərbaycan-Türkiyə tandemiylə razılaşmasına sadiqdir və Ermənistanla sülh müqaviləsinin imzalanmasına da qətiyyən maneçilik törətmək niyyətində deyil.
Görünən odur ki, Rusiya qərbpərəst Paşinyanla əsas “haqq-hesab”ını məhz Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonrakı dövrə planlaşdırır və Ermənistanın daxili siyasi həyatına Qarabağdan getmiş əhali vasitəsiylə təsir edəcək fiqurların həbsinə mane olmaması da bu niyyətin ifadəsidir. Paşinyanın sülh üçün önündəki sədlər götürülür, ona konkret zaman tanınır. O biri tərəfdən də, Ermənistan daxilində Paşinyanı “vətənə xəyanət”də suçlayaraq silahlı yolla devirə və qətlə yetirə biləcək böyük bir qisasçı qüvvə hazırlanır.
Çox böyük ehtimalla, hazırda Azərbaycan DTX-nın təcridxanasında saxlanılan və taleyi Prezident İlham Əliyevin əlində olan terrorçu-separatçı liderlərdən – Vardanyan, Qukasyan, Saakyan, Arutyunyan, İşxanyan, Manukyan, Mnatsakanyan kimi məşhur isimlərdən təkcə Köçaryan və Sarkisyanın yox, elə Paşinyanın da əleyhinə yetərli ifadələr alınacaq. Yeni dəlil-sübutlar toplanacaq və bu ifadələr, dəlil-sübutlar həm onların və bütövlükdə Ermənistanın gələcək aqibətini, siyasi istiqamətini müəyyənləşdirəcək, həm də qalıcı sülhün ən böyük təminatı olacaq”.
Elxan Şükürlü hesab edir ki, indi Ermənistan baş nazirini sülh müqaviləsi imzalamaqdan yalnız Qərbin qəfil sui-qəsdi yayındıra bilər:
“ABŞ Prezidenti Baydenin son üç il ərzində yıxmağa və dağıtmağa çalışdığı Putin-Əliyev-Ərdoğan ittifaqı Qərbin qanlı əllərinin Cənubi Qafqazdan kəsilməsi və regionun yenidən dizayn edilməsi üçün addım-addım irəliləyir”.