Azərbaycanın Qranada görüşündən imtina etməsi çox doğru qərardır, müstəqil siyasi iradənin qətiyyətli nümayişidir. Əlbəttə, bu, məsələnin görünən tərəfidir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, məsələnin bir də görünməyən tərəfi var:
“Avropa Birliyinin aparıcı ölkələri Türkiyənin bu prosesdə iştirakının əleyhinədir. Azərbaycanın qərarının bir tərəfi bununla bağlıdır. Daha dərin qatlarda xüsusi əhəmiyyət daşıyan başqa bir məqam da var. 44 günlük Vətən Müharibəsi, Laçında sərhəd-keçid məntəqəsinin qoyulması və son antiterror tədbirlərindən sonra regionda bir-birindən fərqli reallıqlar yarandı. Görünən budur ki, bu reallıqları qəbul etməyənlər var. Azərbaycana qarşı qeyri-legitim, beynəlxalq hüquqa uyğun olmayan istəklər irəli sürülür. Azərbaycan qalib ölkə, problemlərini özü həll edən və müstəqil ölkə kimi buna razı ola bilməzdi.
Azərbaycan bu görüşdə iştirak etsəydi, ölkəmizə qarşı yeni tələblər ortaya qoyula bilərdi. Təəssüf ki, ABŞ, Avropa Birliyi və bu birliyin aparıcı ölkəsi olan Fransa, Almaniya da eyni dildə danışmağa başlayıb. Buna görə Qranadada iştirak etmək ən böyük yanlış olardı. Azərbaycan və Türkiyə iki qardaş ölkə olaraq əvvəlcədən razılaşıblar ki, prosesdə Ankara da iştirak etsin. Qranadaya gedən format 2+3 kimi təqdim olunsa da, əslində bu, 1+4 formatıdır. Dörd xristian ölkəsi Azərbaycana qarşı birləşərək, eyni ruhda, eyni düşüncədə dövlətimizin üstünə gələcəkdi. Zatən, bura qədər də həmin ölkələrdən yersiz ittihamlar, şər və böhtanlar atılırdı.
Hesab edirəm ki, bunların hamısı təzyiq xarakteri daşıyır. Ona görə də, bunların fonunda verilən ən doğru qərar bu görüşdən imtina idi. Artıq bunun nəticəsi ortadadır. İmtina qərarından dərhal sonra Almaniya Kansleri Olaf Şolz Prezident İlham Əliyevə zəng etdi. Bu o deməkdir ki, Almaniya Azərbaycanın qətiyyətini görəndən sonra Cənubi Qafqazdakı geosiyasi maraqlarını təhlükəyə atmaq istəmir. Almaniya nümayiş etdirmək istəyir ki, Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında hər hansı tərəfi tutmur, hər iki dövlətin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.
Qənaətimə görə, bu addım Fransadan fərqli davranış sərgiləmək üçün atıldı. Bu, Azərbaycan prezidentinin qəbul etdiyi qərarın nə qədər doğru və konkret geosiyasi nəticələr verdiyini ortaya qoyur. Həmişə olduğu kimi, uduzan yenə Fransadır”.
Natiq Mirinin fikrincə, prosesdə uduzan digər tərəf Ermənistandır:
“Azərbaycan öz suveren qərarı ilə antiterror tədbiri keçirib və Qarabağ məsələsini həll edib. Hələ də Qərbin, xüsusən də ABŞ və Avropa Birliyi üçün imkanlar vardı ki, prosesdə iştirak edib öz maraqlarını müəyyən mənada təmin edə bilsin. Bunun yolu ədalətli yanaşmadan keçirdi.
Amma yanaşmanı Ermənistanın xeyrinə pozdular. Buna görə də oyundan kənar vəziyyətdə qaldılar.
Cənubi Qafqazda böyük geosiyasi planları, layihələri olan hər bir güc anlamalıdır ki, bu prosesdə Azərbaycan və Türkiyə ilə anlaşmadan heç bir projeni reallaşdırmaq mümkün deyil. Dünyada çox sürətlə inkişaf edən digər güc mərkəzləri də var. Bunların önündə gedənlərdən biri də qardaş Türkiyədir. Bu dövlətlər bunun və yeni reallığın fərqində olmalıdır. Nəticə çıxaracaqlarsa, Azərbaycan ədaləti istənilən qərarın yanındadır. Əks təqdirdə, itirən Qərb olacaq”.