5 Oktyabr 2023 21:51
3 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arayik Arutyunyan və digər separatçı liderlərin həbsi olduqca önəmli məsələdir. Azərbaycan dünyaya göstərdi ki, xalqına cinayətlər törətmiş şəxsləri bağışlamayacaq.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, hamısı Azərbaycan ədalət məhkəməsi qarşısında cavab verəcək:

"35 ildən bəri xalqımıza qarşı törədilən hərbi cinayətlər və bunları planlayan, iştirak edən, göstəriş verənlərin hər birinin haqqında materiallar toplanıb. Azərbaycanda bu əməllərə imza atmış yüzlərlə şəxsin adı keçir və onlar haqqında cinayət işi qaldırılır. Son dövrlərdə əsas fiqurların həbs olunması, xüsusən üç separatçı - qondarma prezidentlərin həbsi olduqca ciddi nəticədir. Bu şəxslərin məhkəməsi beynəlxalq diqqəti cəlb edəcək. Azərbaycan bundan istifadə edərək, açıq məhkəmə keçirəcək. Erməni faşiziminin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin ifşası üçün bu məhkəmə prosesindən istifadə edəcək".

Politoloq bildirib ki, hərbi cinayətkarların mühakimə olunması ciddi məsələdir:

"Nürnberq məhkəməsindən başlayan bu proses müxtəlif dövrlərdə davam edib. 90-cı illərdə keçmiş Yuqoslaviya ərazisində etnik təmizləmələrə və hərbi cinayətlərə imza atmış şəxslərin mühakimə olunması üçün Haaqa Məhkəməsi keçirildi. Bir çox keçmiş lider, general və siyasətçilər bu məhkəmədə mühakimə olundular. Digər bir istiqamət İsrail metodudur. İsrail İkinci Dünya Müharibəsində yəhudi xalqına qarşı hərbi cinayətlər və soyqırımı törətmiş, bu proseslərdə aktiv rol almış şəxslərin siyahısını müəyyənləşdirdi. İsrail dövləti yarandığı gündən bu günə qədər də nasistlərin və bu faşist liderlərin axtarışını davam etdirib. Zaman-zaman onların üzə çıxarılması və mühakimə edilməsi prosesini həyata keçirir. Bunun son örnəyi yaşı artıq doxsanı keçmiş Adolf Eyxmanla bağlıdır. Təxminən 60 il sonra Argentinada onun yaşadığı müəyyən edildi. Onun şəxsiyyəti müəyyən ediləndən sonra həbs edilərək məhkəməyə çıxarıldı.

Hesab edirəm ki, Azərbaycan bu metoddan istifadə etməlidir. 1988-ci ildən başlayaraq xalqımıza qarşı və sonrakı dövrdə dövlətimizə qarşı hərbi cinayətlər törətmiş və ölkəmizi bölməyə çalışmış şəxslər yaxalanaraq mühakimə olunacaq. Bildiyim qədər bununla bağlı Baş Prokurorluqda mindən artıq şəxslə bağlı cinayət işləri açılıb və onların icrası davam etdirilir".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər