16 Yanvar 2015 08:47
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın nüfuzlu araşdırma mərkəzi münaqişə ətrafında status-kvonu kimin dəyişəcəyini açıqladı; Moskva-Ankara yaxınlaşmasından İrəvanın təlaşlanmasının daha bir səbəbi nədir? Erməni politoloq: “Qarabağ məsələsi çözülmədən türk-erməni münasibətləri düzəlməyəcək...”

Uydurma erməni iddiasının 100-cü ildönümünə 3 aydan bir az artıq vaxt qaldı. Müşahidə edilən odur ki, Türkiyə kontur-tədbirlərin sayını artırmaqdadır. Bunu prezident Rəcəb Tayyib Ərdoğanın məsələ ilə bağlı son bəyanaları da təsdiqləyir. Bu da o anlama gəlir ki, qardaş ölkə türk-erməni münasibətlərinin normallaşması məsələsində ənənəvi mövqeyini qoruyub saxlamaq əzmindədir və işğalçı Ermənistana birtərəfli qaydada hər hansı güzəşt eləməyə hazırlaşmır.

Söhbət öncəliklə Qarabağ probleminin həllində ciddi irəliləyiş olmadan sərhədləri bağlı saxlamaq siyasətinə sadiqlikdən gedir. Belə görünür, İrəvanda da bunu fərq etməyə başlayıblar.
“Erməni-türk münasibətləri ta o günədək normal məcraya düşməyəcək ki, Qarabağ problemi həllini tapmayacaq”. Musavat.com-un erməni KİV-ə istinadən verdiyi xəbərə görə, belə bir açıqlama ilə “Noravank” Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, politoloq Qaqik Arutunyan çıxış edib. Onun qənaətincə, rəsmi Ankaranın Qarabağ məsələsində mövqeyi birmənalı və olduqca sərtdir.
Türkiyə ilə yaxınlaşma fonunda Rusiyanın erməni-türk məsələsində vasitəçiliyinin mümkün olub-olmamasına gəlincə, erməni təhlilçi belə deyib: “Düşünmürəm ki, Moskva bu məsələdə aktiv rol oynayacaq. Hərçənd Ankara-Moskva əlaqələri çox aktiv inkişaf edir. Ancaq biz dərk etməliyik ki, güclü Türkiyə və bundan da vacibi, zəifləmiş Rusiya bizə lazım deyil”.
Əlbəttə ki, Rusiyanın zəifləməsi, üstəlik, onun Türkiyənin güclənməsi fonunda zəifləməsi təcavüzkar tərəfin strateji maraqlarına uyğun ola bilməz. Hətta ötən həftə Gümrüdə rus əsgərinin törətdiyi qanlı cinayətin (6 nəfərlik erməni ailəsini gülləbaran eləməsinin) doğurduğu sərt etirazlar, Rusiya bayrağının ayaqaltı edilməsi də reallığı dəyişmək gücündə deyil. Nədən ki, Ermənistan Azərbaycan torpaqlarını müstəsna olaraq Rusiyanın hesabına işğalda saxlamaqda davam edir.
Bunu Azərbaycan prezidenti İlham Əliyev ilin yekunlarına həsr olunmuş müşavirədə açıq şəkildə bəyan edib və faktiki surətdə Rusiyanı barmaqla göstərib, eyni zamanda Qərbin ikili standartlarının işğalın uzanmasına yardımçı olduğuna diqqət yönəldib, nəhayət, vasitəçilərin imitasiya fəaliyyətini tənqid edib.
Sitat: “Həqiqət bundan ibarətdir ki, bizim torpaqlarımızın işğal altında qalması sadəcə olaraq Ermənistanın işi deyil. Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə ki, onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi. Hətta hazırda Ermənistan rəhbərliyi də bunu etiraf edir. Xarici dəstək olmadan onlar işğal edilmiş torpaqları bir gün də işğal altında saxlaya bilməzlər”.
***
Belə vəziyyətdə şübhəsiz ki, Türkiyə ilə Azərbaycanın strateji müttəfiqliyi xüsusi önəm daşıyır. Çox vacibdir ki, iki qardaş ölkə regional və beynəlxalq problemlər, qlobal ümumi hədələrlə bağlı ortaq mövqe sərgiləməkdə davam etsinlər, bir-birinin arxasında qeyd-şərtsiz dursunlar. Nə yaxşı ki, belədir və bunu düşmən tərəf də duyur, təhlil edir və narahatlıq keçirir.
Məhz bu reallığın dərkinin nəticəsidir ki, adıçəkilən erməni politoloq uydurma soyqırımın yaxınlaşan 100 illiyi ilə bağlı da rəsmi Ankaranın mövqeyində hər hansı yumşalma gözləmədiyini söyləyir. “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrəvanda ”soyqırımın" 100 illiyi tədbirlərinə qatılmayacaq", - deyə o vurğulayıb. Hərçənd o, Əroğanın Ermənistana baş çəkməsi üçün rəsmi dəvət edilməsini incə diplomatik addım adlandırıb.
“Türkiyə tərəfinin konkret hansı addımlara əl atacağını təxmin eləməyə çətinlik çəkirəm, ancaq etiraf eləmək lazımdır ki, onlar erməni siyasətini həddən-ziyadə diqqətlə izləyir, 100 illiyin mümkün nəticələrini yumşaltmağa çalışırlar” - bildirib erməni analitik.
Bu məsələ vasitəsilə rəsmi Ankaraya beynəlxalq birliyin təzyiqlərinin artması mümkünlüyünə toxunan Arutunyan bədbinliklə belə deyib: “Gördüyümüz kimi, elə bu beynəlxalq birlik 100 ildir bu faktın dərki ilə yaşayır, amma... Bəzi ölkələr isə onu tanımır. Söhbət ABŞ-dan gedir. Odur ki, düşünürəm ki, bəzi sözlər dilə gətiriləcək, Fransa prezidenti isə Ermənistana gələcək, başqa heç kim”.
Qarabağ məsələsi, Türkiyə-Azərbaycan strateji və qardaşlıq münasibətlərinin bütün tərəfləri şübhə yox ki, prezident İlham Əliyevin yanvarın 14-də başlayan Türkiyə səfəri çərçivəsində də əsas diqqət mərkəzində olub. O sırada yeni regional və qlobal hədələr kontekstində ikitərəfli hərbi əməkdaşlığın mövcud səviyyəsi və perspektivlərinin bir daha gündəmə gətiriləcəyi istisna olunmur. Bunu indi həm də regionda müharibə risklərinin artması diktə edir.
***
Müharibə ehtimalından söz düşmüşkən, bu arada ABŞ-dakı nüfuzlu “Stratfor” araşdırma mərkəzi Qarabağ münaqişə zonasında 2015-ci ildə olacaq mümkün dəyişiklikləri təhlil edib. Qurumun ekspertlərinin proqnozlarına görə, bu il Azərbaycan Dağlıq Qarabağda status-kvonu dəyişdirəcək, ön cəbhədə daha çox fəallıq nümayiş etdirəcək. Lakin sərhəddə gərginliyin genişmiqyaslı hərbi əməliyyatlara keçəcəyi ehtimalı çox azdır.
Qurum hesab edir ki, Rusiya öz daxili problemləri ilə məşğul olacaq və çətin ki, münaqişəyə müdaxilə etsin: “Bununla belə, Rusiya və Qərb arasında fikir ayrılıqları postsovet ölkələrinə təsir etməkdə davam edəcək. Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan Rusiya iqtisadi böhranının təsirini üzərində hiss edəcək və sosial iğtişaşlar tamamilə ehtimal olunandır”.
“Rusiya iqtisadiyyatında tənəzzül bu il də davam edəcək, amma 1998-ci ildəki səviyyəyə çatmayacaq. Rusiya ”iqtisadi ağrılara" digərlərindən daha yaxşı tab gətirir, amma enerjidaşıyıcılarından gələn gəlirlərin kəskin şəkildə azalması, üstəgəl sanksiyalar prezident Putin üçün belə çoxdur" - mərkəzin ekspertləri belə hesab edir.
Rusiya Ukraynaya, habelə Moldova və Gürcüstana qarşı genişmiqyaslı hərbi əməliyyatlardan qaçmaqda davam edəcək. Amma təzyiqlərə də son qoymayacaq.
Rusiya-Türkiyə münasibətlərinin inkişafda olduğunu da ciddiyə alsaq, sadalananlardan belə nəticə hasil olur ki, Kremlin Qarabağ müharibəsinə müdaxilə imkanları əvvəlki illərlə müqayisədə daha zəif görünür. Bu, Azərbaycana hərbi müstəvidə əhəmiyyətli avantaj qazandırsa da, ondan səmərəli istifadə digər mühüm regional və qlobal şərtlərdən ciddi şəkildə asılı qalmaqdadır. /musavat.com/

Müəllif:

Oxşar xəbərlər