Ermənistan Baş naziri Nikol Paşinyan hazırda İrəvanda olan özünü buraxan qondarma rejimin üzvləri ilə görşmək istəmir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazır.
Nəşr iddia edir ki, Paşinyan separatçılarla naməlum səbəblərlə əlaqə saxlamaqdan yayınır.
Azərbaycan ordusunun antiterror tədbirlərindən sonra qondarma qurumun başçısı Samvel Şahramanyan, “dövlət naziri” Artur Arutyunyan, “xarici işlər naziri” Sergey Qazaryan İrəvana qaçıblar. “Joqovurd” qeyd edir ki, adları çəkilən şəxslər uzun müddətdir Nikolun onları qəbul edəcəyini gözləyirlər.
Qəzet onu da vurğulayır ki, son gəlişmələrdən sonra hələ də İrəvanda varlığını qorumağa çalışan qondarma qurum effektli fəaliyyət göstərə bilmir – Ermənistan rəsmilərindən kimsə onların üzünə baxmır.
“Gələcək fəaliyyətlərinə aydınlıq gətirmək üçün Paşinyanı axtarırlar. Paşinyan isə görüşdən yayınır, belə demək mümkünsə, məsuliyyəti üzərinə götürmək istəmir. İndi onlar (separatçılar) çıxılmaz vəziyyətdədirlər, bir tərəfdən addım atmaq istəyirlər, digər tərəfdən də Ermənistan səlahiyyətliləri ilə koordinasiya olmadan hərəkət etmək istəmirlər”, - məqalədə deyilir.
Erməni nəşri başqa bir məqama da diqqət çəkib:
“Sergey Qazaryan bu durumda qəribə və anlaşılmaz mövqe tutub. Mənbələrimizə görə, o, “nazirlər və deputatlar”a zəng edərək onlara deyib ki, ictimai çıxışlarınızda “artsax respublikası” sözünü işlətməyin, çünki Paşinyanın sözçüsü (Nazeli Baqdasaryan) bu sözü işlətdiyinə görə açıq şəkildə üzr istəyib, ona görə də onların bu ifadəni işlətməsi arzuolunan deyil”.