Ermənistanın Fransa ilə hərbi əməkdaşlıq sahəsində bağladığı saziş sadəcə olaraq böyük hay-küydən başqa bir şey deyil. Azərbaycan mediası və cəmiyyətində də bu mövzunun böyüdülməsinin tərəfdarı deyiləm.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, satılacaq radarlar, hava hücumundan müdafiə sistemlərinin Ermənistanın hava məkanını qorumaq potensialı o qədər də yüksək deyil:
"Silahların Ermənistana satılması regionda hərbi balansı dəyişə bilməz. Azərbaycanın imkanları daxilində olan bütün strateji silahları nəzərə alsaq, bu silahların Azərbaycanla Ermənistan arasında hərbi balansı dəyişmək imkanı mövcud deyil. Həmin silahların sadəcə sazişlə Ermənistana satılması ilə bağlı konkret sənədin olması dərhal ölkəyə daşınması anlamına gəlmir. Çünki, Ermənistana silahların daşınması ilə bağlı ciddi problemlər var. Fransanın bu silahları böyük hərbi təyyarələrlə daşıması mümkündür. Amma birincisi Türkiyə üzərindən buna Ərdoğan icazə verməyəcək. İkinci yol Gürcüstan üzərindəndir. 44 günlük Vətən müharibəsində də birmənalı olaraq Ermənistana Gürcüstan üzərindən gedən silahların tamamilə qarşısı alındı. İndiki vəziyyətdə də dəyişən bir şey yoxdur. Üçüncü istiqamət İrandır. 3+3 platforması kontekstində Tehranda təşkil olunan tədbirdən sonra İranın Ermənistana satılacaq silahları öz hava məkanından buraxması Azərbaycanla yenidən münasibətlərə xələl gətirəcək. Azərbaycan-İran arasında körpülərin inşası və Naxçıvana çəkiləcək dəmir yolu məsələsi həll olunmaq üzrədir. Yəni bu yöndə konkret anlaşma var. Bu məsələ də problemli görünür. Reallıq onu göstərir ki, yaxın zamanda bu silahları Ermənistana gətirmək mümkün olmayacaq. Makronun kiçik də olsa hansısa bir addıma ehtiyacı var. Çünki son dönəmlər hara müdaxilə etmək istədisə, orada böyük uğursuzluq ortaya çıxdı. Bütün bu uğursuzluqları Cənubi Qafqazda Ermənistan vasitəsilə kompensasiya etmək istəyi hiss olunur.
Fransa da daxili auditoriyaya göstərmək istəyir ki, guya Rusiyaya qarşı ciddi revanşist addım atılıb. Rusiya tədricən Ermənistandan sıxışdırılıb çıxarılır. Onun əvəzini Fransa İrəvanda tutacaq və Ermənistan vasitəsilə də Güney Qafqazın digər bölgələrinə nəzarət edəcək. Əlbəttə ki, bu, Fransa prezidentinin yuxuda görə biləcəyi uğurlardır. Çünki bu, sıradan bir məsələ deyil. Bu məsələni stəkanda yaradılmış fırtına kimi dəyərləndirəm.
Politoloq bildirib ki, müdafiə adı altında alınan və satılan silahlar vəziyyət dəyişən zaman, hücum silahları kimi istifadə olunur:
"Rusiya-Ukrayna müharibəsi kontekstində Moskvanın S-300 zenit raket kompleksindən hücum üçün istifadə edir. Yəni yüzlərlə bu cür raketlər Ukrayna ərazisinə atılıb. Hansı ki, bunlar guya müdafiə sistemi sayılır. Bu, yalandan başqa bir şey deyil. Vəziyyət dəyişən kimi həmin vaxt ehtiyac olduğu təqdirdə çox rahatlıqla hücum silahına çevrilə bilirlər. Gələcək perspektivdə hücum silahları da Ermənistana satıla bilər. Heç kim qaranti verə bilməz ki, bu silahların gələcəkdə Rusiya və İrana ötürülməyəcəyi ilə bağlı zəmanət yoxdur. Çünki Rusiya Ermənistanın hərbi strukturunda ciddi şəkildə yer almış ölkədir. Ermənistan ordusunda zabitlərin böyük əksəriyyəti Rusiyanın əks-kəşfiyyat idarəsi ilə birbaşa əlaqəli insanlardır. Silahlar Ermənistana gəldiyi təqdirdə bu məlumatların Rusiyaya ötürülməyəcəyi ilə bağlı kim qaranti verəcək... Rusiyanın əlinə keçdiyi təqdirdə bunun kopyaları İranda müəyyən zamandan sonra istehsal olunmağa başlayacaq. Kamikadze dronları və bəzi raket sistemləri İranda istehsal olunur. Hamısı oğurluq layihələrdir".