“Azərbaycanın Ermənistanla danışıqlarında vasitəçilərə ehtiyacı yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
Ekspertin fikrincə, regiondankənar aktorlar öz məqsədləri naminə sülh prosesini pozurlar:
“Yerdəki vəziyyət və proseslər həll edilməmiş məsələlərin çözülməsi üçün kənar aktorların vasitəçiliyinə getdikcə daha az yer qoyur. Təcrübə göstərir ki, vasitəçilik keçmiş münaqişə tərəflərindən daha çox vasitəçilərin özlərinə lazımdır. Son illərin “vasitəçilik sıçrayışı”, qeyri-sağlam rəqabət sülh prosesini pozmaq təhlükəsi yaratdı, amma Azərbaycanın yerdəki fəaliyyəti durumu düzəltdi, proses düzgün istiqamətdə getməyə başladı.
İndi sual getdikcə daha açıq müstəvidə gündəmə gəlir: ümumiyyətlə, vasitəçilərə ehtiyacımız varmı?
Azərbaycan tərəfinin Cənubi Qafqaz üzrə danışıqlar prosesi ilə bağlı təklifləri göstərir ki, bizim vasitəçilərə ehtiyacımız yoxdur. Gürcüstan vasitəçi deyil, bu, regional üçbucağın tərəfidir. Bir sözlə, hamımızın “vasitəçi” sözündən əl çəkməyimizin vaxtıdır. “Kənar qüvvələr olmadan razılaşma mümkün deyil” fikrindən uzaqlaşmalıyıq. Bakı bu dövrdən inamla çıxır, İrəvan da heç olmasa subyektivliyini qoruyub saxlamaq istəyirsə, bunu etməlidir”.