30 Dekabr 2023 13:14
3 964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanma tarixini və yerini müəyyən etmək bu dövlətlərin özlərinin səlahiyyətidir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Diplomat Bakı ilə İrəvan arasında sülh müqaviləsinin nə vaxt imzalana və bunun Moskvada baş verə biləcəyi sualına cavab verərək bildirib ki, bunu tərəflərin özü müəyyən edəcək: “Heç kimin onların yerinə qərar vermək hüququ yoxdur”.

Qaluzin əlavə edib ki, vaxtla bağlı sual Bakı və İrəvana ünvanlanmalıdır.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda baş verənlərə laqeyd baxa bilməz:

“Tarixən Rusiya Qafqaz dövlətlərindən biridir, üstəlik, regionda və dünyada yeganə ölkədir ki, həm Azərbaycan, həm də Ermənistanla müttəfiqlik münasibətləri saxlayır”.

Diplomatın fikrincə, Rusiya ondan çıxış edir ki, Cənubi Qafqazın taleyini kimlər üçün bura ümumi evdirsə, onlar müəyyən etməlidir: “Kənardan heç kim Cənubi Qafqazda davamlı sülh və sabitliyə yol açmayacaq. Qərbin “möcüzəvi köməyinə” bel bağlamaq illüziya və təhlükəlidir. Serbiya Kosovosu, İraq, Əfqanıstan, Liviya, Suriya, relsdən çıxmış Yaxın Şərq və Ukrayna nümunələri tanınmış demokratların və vasitəçilərin müdaxiləsinin nə ilə dolu olduğunu birbaşa göstərir”.

Onun sözlərinə görə, bu cür müdaxilələrin sxemi sadədir: əvvəlcə onlar gözəl şüarlar altında harasa soxulurlar, hər şeyi tərsinə çevirir və işlər qızışmağa başlayan kimi yanan sahəni arxada qoyub qaçırlar:

“Biz öz tərəfimizdən iki qonşu dövlətin barışığına, Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərpasına əvəzsiz töhfə vermək üçün nəzərdə tutulmuş balanslaşdırılmış uzunmüddətli sülh müqaviləsinin hazırlanmasında Azərbaycan və Ermənistana kömək etmək üçün səylər göstərmişik və göstərməkdə davam edirik”.

Rusiya xarici işlər nazirinin müavini qeyd edib ki, barışıq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını nəzərdə tutur:

“Müvafiq yol xəritəsi hamıya məlumdur. Bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illər üçün bəyanatlar toplusudur”.

Diplomat vurğulayıb ki, bu sənədlər qüvvədə qalır, buna görə də icra edilməlidir.

Qaluzin qeyd edib ki, Rusiya danışıqlar platforması həmişə müttəfiqlər və tərəfdaşların ixtiyarındadır. O, Bakı və İrəvanın 3+3 regional platformasına arxalana biləcəyini də xatırladıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər