Ermənistan konstitusiyasında ərazi iddialarını əks etdirən bəndlərin varlığı bölgədə sülhə əngəldir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, regionda dayanıqlı sülhə gedən yol Ermənistan konstitusiyasının dəyişməsidən keçir:
“Gözlənildiyi kimi, Ermənistanın radikal müxalifəti Baş nazir Nikol Paşinyanın üstünə düşüb ki, bəs yeni konstitusiyanın qəbulunun vacibliyini söyləməklə, əsas qanunda Azərbaycan və Türkiyəyə ərazi iddiaları olan bəndləri çıxarmaq istəyir. Ayrı necə olmalıydı? Məğlub durumda olan Ermənistan Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlıq istəyirsə, konstitusiyasında məlum bəndləri çıxarmalıdır, əks halda, iki qonşusuyla dayanıqlı sülhə ümid edə bilməz.
Radikalların xəstə məntiqinə görə, Ermənistan ərazi iddialarından əl çəkməməli və əbədiyyətə qədər iki qonşusu ilə düşmən olmalıdır. Onlar bununla ermənilərə Cənubi Qafqazda əbədi nifaq və məhrumiyyətlər vəd edirlər.
Fikrimcə, Paşinyana konstitusiya dəyişikliyi yolunda kənardan dolayı dəstək vermək lazımdır. Məsələn, Azərbaycan Xarici İşlər Nazirliyi qısa mətndən ibarət bəyanat yaya və orada göstə bilər ki, Ermənistan konstitusiyasında ərazi iddialarını əks etdirən bəndlərin varlığı bölgədə sülh və əməkdaşlığa əngəldir, münasibətlərin normallaşması üçün həmin bəndlərin əsas qanundan çıxarılması bugünkü reallığın diktə etdiyi şərtlərdən biridir”.