Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanı Nerkin Hand kəndi yaxınlığında (şərti sərhəddə) baş verən insidenti dayandırmamaqda ittiham edib.
Teleqraf.com xəbər verir ki, Rusiyanı tənqid edən Ermənistan rəsmisi Avropa Birliyi (AB) haqda xoş sözlər deyib.
“Avropa Birliyi missiyasının son insidentin baş verdiyi Nerkin Hand kəndi istiqamətinə çıxışı yoxdur, amma Rusiyanın çıxışı var. Rusiya insidenti dayandıra bilmədi”, - Qriqoryan bildirib.
Ermənistan rəsmisi Moskvanın AB-ni tənqid etməsinə də cavab verib:
“Əminəm ki, reallıq başqadır. Bəllidir ki, AB-nin mülki missiyası sabitləşdirici rol oynayır. Onların fəaliyyətini tam dəstəkləyirik, bundan sonra da dəstəkləyəcəyik”.
Qriqoryan AB missiyasının Nerkin Hand istiqamətinə niyə çıxışının olmadığı sualına cavab verməyib.
Qeyd edək ki, Ermənistan fevralın 12-də şərti sərhəddə Azərbaycanın mövqelərinə qarşı təxribat törətmişdi. Təxribata adekvat cavab verilib, nəticədə 5 təxribatçı zərərsizləşdirilib.