Cəbhə bölgəsində yerləşən hərbi hissələrin mənəvi-psixoloji hazırlıq səviyyəsi yoxlanılır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, nazirin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev və Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Rüfət Əmirov idarə heyəti ilə birgə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yoxlanılması məqsədilə cəbhəboyu zonada yerləşən hərbi hissələrdədirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, onlar birlik və birləşmələrin şəxsi heyəti ilə görüşlər keçirərək vəziyyətlə yerində tanış olub, hərbi qulluqçuların günün nizam qaydalarına uyğun fəaliyyəti və sosial-məişət şəraiti ilə maraqlanıblar.
Bütün birlik və birləşmələrdə müxtəlif kateqoriyalardan olan şəxsi heyətlə keçirilən görüşlərdə hərbi qulluqçuların vətənpərvərlik ruhu, qalibiyyət əzmi, döyüş hazırlığı və maddi-texniki təminatı yüksək qiymətləndirilib.
Aparılan söhbət zamanı şəxsi heyət doğma yurdumuzdan işğalçıları qovmaq üçün son damla qanlarınadək döyüşəcəklərini bildiriblər.