20 Aprel 15:01
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülhməramlılarının Qarabağdan çıxması Rusiyanın Cənubi Qafqazdan çıxması anlamına gəlmir.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan Praqada Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədi imzaladıqda məsələ Bakının xeyrinə həll olunub.

Tarasov bildirib ki, Rusiya sülhməramlıları öz missiyalarını yerinə yetirsələr də, heç vaxt mandat və ya status almayıblar:

“Moskva sülhməramlılara status və mandatın verilməsini təklif etdi, amma İrəvan və Bakı bundan imtina etdi. Son hadisələr başlayanda isə (Ermənistan) sülhməramlıların səlahiyyətindən kənar tələblər irəli sürməyə başladılar. Problem budur. İndi erməni əhalisi gedib. Sülhməramlılar 2025-ci ilə qədər Qarabağda kimləri qoruyacaqdılar? Nəticədə qüvvələrin çıxarılmasına qərar verildi”.

Tarasovun iddiasına görə, Ermənistan bir müddət rusların BMT sülhməramlıları ilə əvəzlənməsinə çalışıb:

“Ermənistan mandatla bağlı sənədi imzalamadı və Rusiyanı tənqid etməyə başladı, sülhməramlıları diskvalifikasiya etməyə çalışdı. Prezident Putin neçə dəfə sülhməramlıların statusu məsələsini qaldırdı. Biz onlara “sülhməramlılar” deyirdik, amma belə bir statusları yox idi”.

Rusiyalı ekspert təəccüblənir ki, ermənilər niyə kiminsə onlar üçün nəsə etməli olduğunu düşünürlər?

Tarasov həmçinin ermənilərin Qarabağdan getmələrinin (əslində separatizmə son qoyulmasının – red.) Moskvanın xoşuna gəlmədiyini və bunu açıq mətnlə bəyan etdiyini də vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu