21 May 19:58
2 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın da uzun illərdir iştirak etdiyi “Avroviziya” Mahnı Müsabiqəsi həm dünyada, həm də ölkəmizdə birmənalı qarşılanmır. İldən-ilə daha sərbəst və azad areal yaradan müsabiqənin özündə açıq-saçıqlığı, erotizmi, satanizmi, siyasəti birləşdirməsi və cəmiyyətə zərərli mesajlar ötürməsi ilə bağlı fikirlərə tez-tez rast gəlmək mümkündür. Bu yaxınlarda isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Avroviziya”nın ənənəvi ailə dəyərlərinə təhlükə yaratdığını bildirib. Onun fikrincə, bu ilki müsabiqədə deseksuallaşdırma siyasəti kimi bir fenomenin qlobal şəkildə tətbiq edilməsinin şahidi olduq: “Gənclərə hopdurulan qəribə tiplər sosial deqradasiya üçün Troya atıdır. Hamı etiraf edir ki, bu, şüurlu siyasətdir”.

Maraqlıdır, Azərbaycanda bu haqda nə düşünürlər...

“Həyat bu qədər sadə deyildir”

Yazıçı Qan Turalı: “Cəmiyyət həyatı son dərəcə mürəkkəb və çoxplanlıdır. Onun bir mahnı müsabiqəsi ilə dəyişdirmək mümkünsüzdür. Mühafizəkar insanlar daim bu kimi qorxulara sahibdir. Ancaq bu qorxuların reallıqda elə bir əsası yoxdur.

“Avroviziya” mahnı müsabiqəsinin hansısa məqsədləri ola bilər. Ancaq onun ailə sistemini dağıdacağı barədəki təsəvvürlər əsassız görünür. Həyat bu qədər sadə deyil”.

"Ya gey ol, bəxtin olsun, ya da ac ol, kişi ol!”

Yazıçı, şair Aqşin Yenisey saytımıza açıqlamasında mövzu ilə bağlı bütün fikirlərini “Eurovision” - “Hayl Hitler!”ə qarşı halarvadı toyu” adlı məqaləsində qeyd etdiyini bildirib: “Bu yazıda mənim bütün deyəcəklərim yazılıb”.

Yazını çıxarışlarla təqdim edirik: “İlk "Eurovision” yarışması keçiriləndə (1956) Hitlerin və Mussolinin ölümündən doqquz, Stalinin ölümündən üç il keçmişdi. Avropa lidermərkəzli dövlət anlayışını qəbrə qoyurdu. Bundan ötrü o əvvəlcə kişimərkəzli cəmiyyəti aradan götürməliydi. Götürdü də. İkinci Dünya Müharibəsindən sonra Avropada "rifah dövləti” (welfare state)” anlayışı ortaya çıxdı. Avropa xalqları doyunca əylənmək, müharibənin ağrı-acısını unutmaq istəyirdilər. Avropada endirilmiş faşizm bayraqlarının yerində lezbiyan, gey, biseksual, transseksual və interseks (LGBT) bayraqları dalğalanırdı. Hər yerdə populyar kültür deyə kütləni əyləndirən sənət növünün hay-həşirindən qulaq tutulurdu. Populyar kültür bütün həzlərin bir yerdə cəmlənməsi idi.

Populyar kültür "mədəni mübarizə”nin bir forması kimi şöhrət qazandı. "Eurovision” yarışması da bu mübarizənin ən öndə gedən tədbirlərindən birinə çevrildi. İlk illərdə ancaq Qərbi Avropa ölkələrini birləşdirmək məqsədi daşıyan bu yarışma "Soyuq savaş”dan sonra Şərqi Avropanı, hətta İsraili də öz üzvləri arasına qatdı. Daha sonra post-sovet ölkələrinə qapılarını açdı.

Yarandığı gündən bu günə qədər "Eurovision” yarışmasının aktiv güc mərkəzi lezbiyanlardan, geylərdən, biseksuallardan, transseksuallardan və "lgbteşniklərdən” ibarət olaraq qalır.

Bizə gəlincə, insanımız Qərb siyasəti ilə Qərb mədəniyyətini ayırmaqda kor Fatma. Çünki Qərbin özünün ona toxuduğu torun bir yumağı siyasidir, bir yumağı mədəni.

Kromer Hindistanı, Ərəbistanı ələ keçirmək istəyir, Kiplinq hindlini, ərəbi. Hər ikisi öz"Ağ Adam"ını Şərqin alternativ allahı kimi görür.

Qərb mədəniyyəti özünü Şərqin yetiminin, Qərb siyasəti özünü o yetimin dövlətinin "xilaskarı" kimi görür. Bulanıqlıq da bu məqamda yaranır. Dövlətin yetimlə eyniləşdirilməsində. Qərb siyasəti bu eyniləşdirmə gücünü Qərb mədəniyyətindən alır. Qərbin siyasi gücünü sıfırlamaq üçün Qərbin mədəni gücünü sıfırlamalısan.

Bunun ən rahat yolu, məsələn, iki Azərbaycan kişisinə güllü köynək geyindirib onları allahın özünü belə namuslu-qeyrətli kişi kimi təsəvvür edən xalqa "Avropa mədəniyyətinin kişi xeylağına yanaşması" kimi təqdim edirsən. Vəssalam! Azarımı alsın o Qərb mədəniyyəti Biləcəridən bu tərəfə keçə bilsə.

Düzgün yoldurmu? Ən düzgün yoldur! Çünki Qərb mədəniyyəti beş yüz ildir ki, Şərqdə tutduğu toyuğu Qərb siyasətinin tavasında bişirir.

Bu gün bu "toyuq" Anadoluda savadlı, Azərbaycanda savadsız gənclərdir. Qərbi yamsılamaq və arzulamaq savadlı Anadolu gəncini kütlədən, savadsız Azərbaycan gəncini elitadan fərqləndirən təzahürdür. Çünki Anadoluda kütlə köhnədir, Azərbaycanda elita.

O allı-güllü qirbişin köynəklər bu gün milli dövlətçiliyə xidmət edən uniformalardır. Qərbi öz dəyəri ilə neytrallaşdırmaq məqsədi güdür.

Azərbaycan kişisini seçim qarşısında qoyur: Ya gey ol, bəxtin olsun, ya da ac ol, kişi ol!”

“Azərbaycan belə layihələrdən çəkilməlidir”

Yazıçı İlham Əziz: "Müasir dövrümüzdə texnologiya durmadan inkişaf edir, onun nəyi necə dəyişəcəyi insanda çoxlu suallar yaradır. Texnologiyada sıçrayış necədirsə ailə münasibətlərində də vəziyyət eyni dərəcədə mürəkkəbdir.

Gözümüzün qarşısında dünyada, eləcə də Avropada böyük proqram həyata keçirilir: Netflix, müxtəlif media orqanları, sonda da “Avroviziya” musiqi platforması... Bu platformaların hamısı özünü insan azadlığı təcəssümü kimi göstərir. Mənim fikrimcə, insanlığın qorunub saxlanması üçün insan azadlığının da bir həddi olmalıdır. Azadlıq özlüyündə dəhşətli nəticələrə gətirib çıxara bilər.

Hesab edirəm ki, Azərbaycan belə layihələrdən çəkilməli və çəkinməlidir. Çünki biz elə ərazidə qərarlaşmışıq ki, nə Şərq, nə Qərb ölkəsiyik. Son illər ölkəmizdə boşanmaların, qadın ölümlərinin artmasını müşahidə edirik. Bununla bağlı aşkar deyil, amma şüuraltına yönəlik ideoloji proqram hazırlanmalıdır. Ədəbiyyatla, incəsənətin müxtəlif növləri ilə insanların fərqli olması və bu fərqliliyin də gözəllik olmağı insanlara aşılanmalıdır.

Mən şəxsən “Avroviziya” kimi belə proseslərin əleyhinəyəm, amma bu, qarşısı alınmaz və çox ciddi prosesdir. Onunla mübarizədə bir ölkənin gücü çatmaz, prosesə böyük dövlətlər də qoşulmalıdır”.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər