Azərbaycan Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq etdiyi ölkələr arasında müstəqil siyasi gündəmi olan yeganə dövlətdir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Qərblə Rusiya arasında Cənubi Qafqaz uğrunda gedən rəqabət Ermənistan və Gürcüstanda siyasi böhrana gətirib çıxarıb:
“Xüsusilə Gürcüstanda siyasi situasiya gərgindir. Ölkə payızda seçkilərə gedir, o vaxta qədər siyasi gərginlik pik həddə çatacaq. Artıq hakimiyyətin “Xarici agentlər haqqında” qanunu qəbul etməsindən sonra Gürcüstanda siyasi böhran hökm sürür. Tiflis bununla Qərbdəki müttəfiqləri ilə körpüləri yandırdı. Hakim “Gürcü Arzusu” Partiyası “müstəqil xarici siyasət” aparmağa çalışdığını bəyan edir. Amma bunun doğurduğu olaylar Gürcüstan üçün müsbət nəticələr vəd etmir. Çünki uzun illər müstəqil siyasəti olmayan Tiflisin birdən qalxıb “müstəqil xarici siyasət” apardığını bəyan etməsi Qərbdə şübhə yaratdı.
Ümumilikdə Gürcüstan hakimiyyətinin siyasətində şübhəli məqamlar var. Hakim komanda Kremlə boylanmağa həvəsli görünür. Hesab etmək olar ki, Tiflis aranı yumşaltmaqla Rusiyanın nəzarətində olan ərazilərini (Abxaziya və Cənubi Osetiya) diplomatik yolla geri almağa çalışır”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Gürcüstandan fərqli olaraq, Qərb Ermənistanda hakimiyyətə dəstək verir:
“Rusiyanın dəstək verdiyi qüvvə keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi revanşist hərəkatdır. Baş nazir Nikol Paşinyanın özü də Rusiyadan uzaqlaşma kursu seçsə də, müstəqil xarici siyasət apara bilmir. Hələ də Rusiyanın forpostu olan ölkə indi bu yeri Qərbə verməyə çalışır.
Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycan hər iki ölkədən fərqli olaraq, Rusiya və Qərblə məsafəli siyasət aparır. Öz milli maraqlarını üstün tutaraq, heç bir mərkəzin iradəsi ilə hərəkət etmir. Nə Rusiyanın moderator olduğu təşkilatlarda yer alır, nə də Avropa Birliyinə çox yaxınlaşır.
Azərbaycan məhz bu balanslı siyasətinə görə öz ərazilərini azad edə bildi. Bakı iki qütb arasında manevr edə bilir, heç bir tərəfin marağına zidd getmir.
Azərbaycan suverenliyini bərpa etdikdən sonra regional əhəmiyyətini bir qədər də artırıb. Azərbaycan illərdir münaqişələrdən əziyyət çəkən ölkələr üçün də müsbət örnəyə çevrilib. Bu siyasətin memarı Prezident İlham Əliyevdir. Əliyev bölgədə yeni nizam yaradıb, Azərbaycana yeni güc statusu qazandırıb. Həm Rusiya, həm də Qərb bu statusu qəbul edib: Azərbaycan Cənubi Qafqazın lider dövlətidir.
Azərbaycan Cənubi Qafqazda sabitləşdirici ölkə olaraq, Ermənistan və Gürcüstanın müstəqilliyinin qarantı da ola bilər. Yeni qlobal nizamda da Azərbaycan yoluna bu statusla davam edəcək”.