Xəbər verildiyi kimi, iyunun 8-də keçirilən təkrar sertifikasiya imtahanlarında 7296 müəllimdən 3909-u keçid balını (30) toplaya bilməyib. Onlardan 3424 nəfəri ibtidai sinif, 485 nəfəri isə Azərbaycan dili və ədəbiyyat müəllimidir. Təhsil İnstitutu imtahanda istifadə olunmuş ixtisas suallarını açıqlayıb. Sosial şəbəkələrdə müəllimlərin sadə sualları cavablandıra bilməməsi müzakirələrə səbəb olub. Suallar asan olmasına baxmayaraq müəllimlər tərəfindən doğru cavablandırılmadığı və ya boş qoyulduğu maraq doğurub.
Mövzu ilə bağlı Teleqraf.com-a danışan təhsil eksperti Elşən Qafarov deyir ki, sertifikasiyalaşma prosesinə çox humanist yanaşılır:
“Sertfikasiya prosesi 2022-ci ildən başlayıb. İlk olaraq prosesə ibtidai sinif müəllimləri cəlb olunmuşdu. 2022-ci ildə sertifikasiya imtahanından kəsilənlər üçün 2023-cü ildə təkrar sertifikasiya təşkil olundu. 743 nəfərin əmək müqaviləsinə xitam verildi. Elm və Təhsil Nazirliyi sertifikasiylaşma prosesinə çox humanist yanaşır. İstər sualların tətbiqində, istər digər məsələlərdə. Suallar çox asan, rahat qurulub.
743 nəfər ibtidai sinif müəlliminin əmək müqaviləsinə xitam verilməsi Azərbaycan müəllimini düşündürdü. Müəllim arxayın idi ki, bir dəfə işə girəcəm, üzərimdə işləməyəcəm, peşəkarlığım sistemdə yoxlanılmır. Əmək müqaviləsinə xitam verilməsi müəllimlərin öz üzərlərində işləməsinə səbəb oldu.
Ancaq mən müəllimlərin sertifikasiya imtahanı üçün hazırlığa getməsini doğru hesab etmirəm. Qarşıda xarici dil və riyaziyyat müəllimlərinin sertifikasiya imtahanı var. Azərbaycan müəllimi reallığı qəbul etməlidir. Müəllim insan kapitalını yetişdirir. Onun peşəkarlığı ən üst səviyyədə olmalıdır. Sertifikasiyalaşdırma ən yüksək səviyyədə olmalıdır. Suallar çox sadə və primitivdir. Müəllimin tədris etdiyi fənlə bağlı ən primitiv sualı bilməməsi təəssüf doğurur.
Tədris etdiyi fənn üzrə elementar biliyi olmayan şəxsin müəllim işləməyə nə hüquqi, nə də mənəvi əsası var. Müəllimin biliyi ilə yanaşı metodoloji bacarıqları da mütləq yoxlanılmalıdır. Hazırda suaların sadə, asan qoyulması, biliklərin yoxlanılması prosesi gedir. Hesab edirəm ki, müəllimlər metodik bacarıqlarını da ölçmək lazımdır”.
Ekspert deyir ki, müəllimin bu prosesdən şikayət etməsi, sualların çətin olduğunu deməsi absurddur:
“Məqsəd müəllimlərin bu prosesə psixoloji cəhətdən hazırlamaqdır. 1 il ərzində müəllimlərin kifayət qədər vaxtı var idi ki, yenidən imtahana hazırlaşsınlar. Qeyd etdiyim kimi müəllimin sertifikasiyaya hazırlaşmasını qəbul etmirəm. Hesab edirəm ki, İbtidai sinif müəllimləri, Azərbaycan dili və Ədəbiyyat müəllimlər kimi Fikiza, Riyaziyyat, Xarici dil müəllimlərinin sualları çox asan olmamalıdır. Sertifikasiya müəllimlərin hazırkı peşəkarlıq səviyyəsini ölçən prosedurdur. Əgər onun peşəsi çox aşağı səviyyədədirsə, bu gün müəllim işləməyə yararlı deyilsə, onlara qaydalara əsasən bir il yenidən şans verilir.
O, növbəti şansdan doğru istifadə etmədikdə, ikinci imtahandan da keçə bilmədikdə əmək müqaviləsinə xitam verilir. Göründüyü kimi sertifikasiyanın çətin olduğu ilə bağlı sosial şəbəkə və cəmiyyət arasında yayılan fikirləri həqiqəti əks etdirmir”.