Ukrayna Prezidenti Vladimir Zelenski Qərb ölkələrindən alınmış F16 döyüş təyyarələri ilə bağlı açıqlama verdi. Ümumiyyətlə F16-ların Ukraynaya verilməsi hələlik məhdud saydadır. Ancaq bu, bir başlanğıcdır. Ona görə də indiki sayda mövcud F16-ların ciddi hərbi əməliyyatlara qoşulma və hansısa uğurlar əldə etməsi çətindir. Çünki Rusiyada F16-ların alınmasına qarşı müəyyən hazırlıqlar görməmiş deyil.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, məhdud sayda F16-larla nəyisə dəyişmək mümkünsüzdür:
“Amma ən azından 40-a qədər F16 və bunları idarə edəcək peşəkar pilotlar olduğu və eyni zamanda F16-lardan atılacaq ən müasir raketlərin verildiyi təqdirdə Ukrayna adına bəzi hərbi uğurlar əldə etmək mümkündür.
O baxımdan ki, Rusiyanın ilk növbədə Ukrayna ərazisinin mərkəzi şəhərlərini bombardman edən Rusiya qırıcılarını əvvəlcədən zərərsizləşdirmək imkanı istər havada, istərsə də Rusiya ərazisində yerləşən aerodromlarda vurmaq imkanları mövcud olacaq. Yetər ki, bu raketlərlə uzaq məsafədə yəni Rusiyanın içərilərinə doğru yerləşən aerodromlarda təyyarələri və yaxud aerodromları vurmaq icazəsi olsun. ABŞ və müttəfiqlərinin Rusiyanın içərilərinə doğru şəhərlərini vurmaq icazəsi Ukraynaya verilməyib. Bu da Ukraynanın əlini qolunu bağlayan məsələdir. Yəni bu, sadəcə 16-larla bağlı deyil.
Eyni zamanda özü yeriyən raketlər vasitəsilə də uzaqmənzilli Rusiya hərbi obyektlərini vurmağa icazə verilmir. Ancaq Rusiyanın hərbi bazaları hərbi aerodromları vurulmasa Ukrayna ordusu Rusiya ordusunun hücumlarının qarşısını ala bilməz. Çünki potensial olaraq Rusiya döyüşçülərinin sayı Ukrayna əsgərlərinin sayından artıqdır".
Ekspert qeyd edib ki, hər gün bu döyüşçüləri yeniləmək imkanı Rusiyada daha çoxdur: "Ancaq Ukraynada belə bir imkan yoxdur. Ukraynada hələ də səfərbərlik çox böyük problemlərlə həyata keçirilir. Üstəlik, cəlb olunmuş insanların uzunmüddətli təlimlərinə ehtiyac var. Yəni peşəkar olmayan əsgərləri döyüş meydanına göndərmək onları ət maşınından keçirmək anlamına gəlir. Ona görə də F16-ların Ukraynaya sadəcə verilməsi yetərli deyil. Bununla bərabər F16-ların istifadə edə biləcəyi uzaq mənzilli ən müasir idarə olunan istər lazer, istərsə də digər səviyyədə idarə olunan raketlər və bu raketlərin hədəfi ola biləcək Rusiya ərazisindəki istənilən hərbi obyektin icazəsi olmalıdır. Bu imkan Ukrayna ordusuna Qərb dövlətləri tərəfindən tanınmalıdır. Əks təqdirdə F16-ların Ukrayna ordusunda sınıq-salxaq Su-25-lərdən o qədər də fərqi olmayacaq. Yəni F16-ların potensial imkanlarından maksimum yararlandıqları təqdirdə müəyyən mənada havada bu balansı yaratmaq olar. Bu da kiçik üstünlük deyil. Çünki Rusiyanın havada üstünlüyü hər zaman dominant olduğu üçün Rusiya ordusu qarşısında kəndləriŞ yaşayış məskənlərini müdafiə etmək problemə çevrilir.
Ukrayna ərazisində infrastrukturları müdafiə etmək üçün təkcə havadan müdafiə, raket sistemləri yetərli deyil. Ona görə düşünürəm ki, bu daha çox Qərbin F16-larla bərabər Ukraynanın digər istədiklərini verəcəyindən asılı olacaq. Əgər bu yenə də məhdud sayda və Rusiyanın legitim hədəflərinin də məhdud sayda olacağı təqdirdə Ukraynaya icazələr verilmədiyi təqdirdə yenə də Ukrayna ordusu Rusiya qarşısında aciz qalmağa davam edəcək”.