2 Aprel 2015 20:11
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra televiziya verilişlərinin aparıcısı və xeyriyyə layihələrinin müəllifi Nuran Hüseynov “Bakı-2015” birinci Avropa Oyunlarının ulduz elçilər komandasının yeni üzvü olub.

“Bakı-2015”dən Teleqraf.com-a bildiriblər ki, xeyriyyəçilik mövzusunda televiziya verilişləri vasitəsilə sağlam həyat tərzini təbliğ edən N.Hüseynovun idmana böyük marağı var. O, 13 il üzgüçülük, 2 il şahmatla məşğul olub. Nuran Hüseynovun komandaya qatılması ilə “Bakı-2015”in mədəniyyət sahəsindən seçilən ulduz elçilərinin sayı 15-ə çatıb.

Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Nuran Hüseynovun birinci Avropa Oyunlarının ulduz elçisi olmasından məmnunluğunu vurğulayaraq deyib: “N.Hüseynov Azərbaycanda tanınmış jurnalistlərdəndir və tamaşaçıların böyük rəğbətini qazanıb. O, ulduz elçi olaraq, “Bakı-2015”in dəyərlərinin təbliğinə töhfə verəcək. N.Hüseynov “Bakı-2015” komandası üçün layiqli sima və mükəmməl seçimdir”.

N.Hüseynov müğənnilər Tünzalə Ağayeva, Röya, Miri Yusif, “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal, aktyorlar Bəhram Bağırzadə, Rafael İsgəndərov, Coşqun Rəhimov, Tahir və Cabir İmanovlar, musiqiçi “DJ Shock”, eləcə də tanınmış aparıcılar Murad Dadaşov, İlkin Həsəni və Azər Qəribdən sonra növbəti ulduz elçi olub.

N.Hüseynov ulduz elçi olması barədə deyib: “İlk Avropa Oyunlarının ulduz elçisi seçildiyim üçün qürur hissi duyuram. İdman hər zaman məni ruhlandırıb. İdmanın insanları bir araya gətirməyə və sağlam həyat tərzini təlqin etməyə yardımçı olduğuna inanıram. Çətinlikləri dəf etmək həyatın bir hissəsidir. İdmançılar həyatlarının hər gününü fədakarlıq və öhdəliklə yaşayırlar. Gəncləri idmana cəlb etmək üçün çalışacağam. Burada iştirakın yarada biləcəyi imkanları və digər üstünlükləri təbliğ edəcəyəm”.

Ulduz elçilər proqramı birinci Avropa Oyunları haqqında məlumatları Azərbaycandakı və Avropadakı tamaşaçılara çatdırmaqda “Bakı-2015”ə şərait yaradır. Proqramın iştirakçıları arenalara gedərək, gerisayım tədbirlərində iştirak edərək kampaniyalara dəstək verir, şəxsi sosial media kanallarından istifadə edərək Oyunların milyonlarla izləyici arasında təbliğində mühüm rol oynayırlar.


Müəllif:

Oxşar xəbərlər