1 May 2015 16:27
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Polis Akademiyasının həyətində ucaldılan abidəsini ziyarət edib, əklil qoyublar.

Böyük vətən müharibəsindən bəhs edən sənədli filmin nümayişindən sonra konfransı açıq elan edən Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev faşizm üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olduğunu, 600 min həmvətənimizin ön cəbhəyə yollandığını, Azərbaycanda təşkil olunmuş diviziyaların Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdiyini, minlərlə həmyerlimizin partizan dəstələrinin tərkibində vuruşduğunu, müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısısının döyüşlərdə qəhrəmanlıqla həlak olduğunu, 170 mindən çox döyüşçünün orden və medallarla təltif edildiyinii, 130 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görüldüyünü diqqətə çatdırıb.

Xüsusilə qeyd olunub ki, Qələbənin qazanılmasında Bakı neftinin rolu əvəzsiz olub. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü.

Ümummilli lider Heydər Əliyev 1941-1945-ci illər müharibəsində qazanılan qələbədə xalqımızın fədakarlığından, soydaşlarımızın həm ön, həm də arxa cəbhədəki qəhrəmanlığından, şücaətindən bəhs edərkən deyirdi: “Bu Qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi... O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi...”

Buna görə də ikinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik nümunəsi olacaqdır.

Daha sonra ikinci cahan savaşının iştirakçısı, daxili işlər orqanlarının veteranı Mehdi Mehdiyev döyüş və həyat yolu barədə xatirələrini iştirakçılarla bölüşüb.

Polis Akademiyasının İctimai elmlər kafedrasının müəllimləri Rəşad Qasımov və Rəhim Məcnunov "Azərbaycan daxili işlər orqanları ikinci dünya və 1941-1945-ci illər müharibəsində", DİN-in Şəxsi Heyətlə İş İdarəsinin baş inspektoru Yalçın Qarayev isə "Xalqın şərəf tarixi" mövzularında çıxışlar ediblər.

Bir daha qeyd olunub ki, faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir və biz bu Qələbədən çox şey götürməliyik. Xüsusən, torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın ikinci dünya müharibəsindəki qəhrəmanlığı, oğul və qızlarımızın rəşadəti, bizi ölkəmiz üçün daha Böyük bir Qələbəyə - torpaqlarımızı işğaldan azad etməyə, respublikamızın suverenliyini, ərazi bütövlüyünü bərpa etməyə səsləyir. Bu kontekstdə xalqımızın 1941-1945-ci illər müharibəsində tarixi Qələbənin qazanılmasında göstərdiyi qəhrəmanlıq, yazdığı igidlik salnaməsi gənc nəsil üçün əsl ibrət və örnəkdir.

Hacı Zeynalov


Müəllif: