18 İyun 2015 21:55
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İnsan Haqları Məhkəməsinin "Çıraqov və başqaları Ermənistana qarşı" işi ilə bağlı verdiyi qərardakı bir sıra məqamlar kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələdə də öz əksini tapa bilər.

REAL hərəkatının İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli deyib ki, bu işdə Azərbaycan tərəfi istədiyini ala bildi: “Avropa İnsan Haqları Məhkəməsi işğal olunmuş ərazilərimiz üzərində Ermənistanın səmərəli nəzarətini tanımaqla dolayı yolla işğal faktını təsdiqlədi. Qərarın çox önəmli cəhətlərindən biri odur ki, məhkəmə, başqa pozuntularla yanaşı, şikayətçilərin Laçına gedə bilmədiklərinə görə Ermənistanın məsuliyyət daşıdığını bildirdi.

"Sarqsyan Azərbaycana qarşı" işində də məhkəmə xeyrimizə bir məsələni vurğuladı. Məhkəmə qeyd etdi ki, müharibə şəraitində mülki əhalinin, yəni ermənilərin Azərbaycanın nəzarət etdiyi əraziyə (konkret olaraq Goranboyun Gülüstan kəndindən söhbət gedir) gediş-gəlişini məhdudlaşdırmaq üçün ədalətli əsaslar var. Halbuki, Ermənistanın nəzarəti altında olan ərazilərimizə (Laçın nəzərdə tutulur) əhalinin gediş-gəlişini məhdudlaşdırmaq üçün heç bir ədalətli əsas yoxdur. Bunun özü də ərazimizin Ermənistan tərəfindən işğal olunduğunun dolayı təsdiqi və belə işğalın beynəlxalq hüquqla ziddiyyət təşkil etdiyinin tanınmasıdır. Bu, çox vacib məsələdir, çünki sonradan "Kəlbəcər girovları" işində də istifadə olunacağı aydındır. Yəni, Azərbaycan vətəndaşlarının gediş-gəlişinə Ermənistan tərəfindən məhdudlaşdırılmanın ədalətli əsası yoxdur”.

E.Qədirli deyib ki, kəlbəcərli girovların işi Avropa İnsan Haqları Məhkəməsinə çatarsa, məhkəmənin Azərbaycan vətəndaşlarının gediş-gəlişinə Ermənistan tərəfindən məhdudlaşdırılmanın ədalətli əsasının olmaması məsələsi burada da əksini tapacaq: “Bu qərarla girovların vəziyyəti düzələsi deyil. Sadəcə olaraq, məhkəmə bu işə baxdığı halda bu yanaşmanı orada tətbiq etmək olar”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər