“İşğal etdiyiniz əraziləri niyə qaytarmırsınız?”
Ermənistanın paytaxtı İrəvanda keçirlən NATO Parlament Assambleyasının 89-cu seminarında iştirak edən Çexiya parlamentinin deputatı Milana Sarapatki Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal altında saxladığı ərazilərlə bağlı məsələ qaldırıb. Seminarda iştirak edən çex deputat bildirib ki, “Zaman Ermənistanın əleyhinə işləyir və erməni tərəfi strateji məqsədlərə görə işğal etdiyi əraziləri geri qaytarmağa hazırdırmı?”, – deyə çex deputat sual edib. Çex deputat Qarabağ münaqişəsinin yalnız ərazi bütövlüyü prinsipi əsasında həll edilə biləcəyini əlavə edib.
Ermənistan xarici işlər nazirinin müavini Aşot Avakimyan suala cavabdan yayınıb. Nazir müavini bildirib ki, hazırda söhbət münaqişənin dinc yolla həllindən gedir: “Ərazilərin geri qaytarılması qarşılıqlı güzəşt demək deyil. Bu, problemin birtərəfli yolla həllidir. Əgər belə davam etsək, problemin həllinə nail ola bilməyəcəyik”. Avakimyan deyib ki, Qarabağ probleminin həlli hər iki tərəfin gedəcəyi qarşılıqlı güzəştlərdən asılıdır.
A.Avakimyan daha sonra deyib: “Başqa prinsiplər var ki, Qarabağ münaqişəsini yalnız ərazi bütövlüyü çərçivəsində həll etməyə imkan vermir”. O iddia edib ki, ərazilərin qaytarılması məsələnin birtərəfli həllidir və Azərbaycan tərəfi də müəyyən güzəştlər təklif eləməlidir.
Əslində isə Azərbaycan tərəfi həmişə öz güzəştlərini təqdim edib – Dağlıq Qarabağa Azərbaycan daxilində ən yüksək muxtariyyət veriləcək, Qarabağ erməniləri özünüidarə hüququ qazanacaqlar. Amma nədənsə İrəvandakı siyasətçilər bunu qulaqardına vururlar. Bu isə münaqişənin müharibə yolu ilə həllini vacib edir. Bu məsələdə isə, Milana Sarapatkinin dediyi kimi, zaman Bakının xeyrinə dəyişir.
Səxavət