16 Oktyabr 22:21
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanın Rusiyadakı yeni səfiri Qurgen Arsenyan Ermənistanın “Müstəqillik Günü” ilə bağlı verdiyi qərar ölkəsində müzakirə mövzusuna çevrilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” nəşri yazır.

Erməni nəşri bildirir ki, səfir bununla bağlı bayram tədbirlərini Azərbaycanın Müstəqillik Günündə, yəni oktyabrın 18-də keçirmək qərarına gəlib:

“Ermənistanın xaricdəki diplomatik nümayəndəlikləri ənənəvi olaraq Müstəqillik Günü münasibətilə qəbullar təşkil edir. Ənənəvi olaraq da, bu qəbullar 21 sentyabr Müstəqillik Gününə bir neçə gün qalmış və ya ondan sonra keçirilir.

Deputat mandatından məhrum edilərək Rusiyaya göndərilən Qurgen Arsenyan isə Ermənistanın Müstəqillik Gününü oktyabrın 18-də keçirmək qərarına gəlib. Səfirliyin dəvətnamələrdə tarix və səbəb göstərilir: “Ermənistan Respublikasının Müstəqillik Günü ilə əlaqədar...”.

Oktyabrın 18-də isə Azərbaycanın rəsmi bayramı - Müstəqillik Günüdür”.

“Past”ın iddiasına görə, Arsenyan bunu “bilərək və Azərbaycana jest” olaraq edib.

Erməni nəşri diplomatı “Azərbaycanpərəst” adlandırıb: “Ola bilsin, Arsenyan Azərbaycanpərəst mövqelərində liderləri Nikol Paşinyanı da keçmək qərarına gəliblər”.

Erməni diplomatın bunu bilərək etdiyi və ya bu qərarının altında xüsusi məna yatdığı inandırıcı gəlmir. Ən azı ona görə ki, vaxtilə Ermənistan parlamentinin tribunasında böyük həvəslə ölkəmizə qarşı işğalçılığı dəstəkləyən Arsenyanın birdən dönüb “Azərbaycan sevdalısı” olması absurddur.

Məsələdə diqqətçəkən məqam erməni ictimai rəyinin bir anda bura yönəlməsidir. Həmin rəyin Arsenyana püskürdüyü kin və nifrətin əsl ünvanı, şübhəsiz ki, Azərbaycandır. Bir toplum olaraq nifrət və kin ermənilərdə o qədər dərinə kök salıb ki, hər şeyi Azərbaycanla əlaqələndirirlər. Bu xislət dəyişmədən çətin ki, sülh olsun.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər