İyun ayında Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişin daşımanın həcmi 280 min 405 nəfər təşkil edib ki, bunun da 228 min 182 nəfəri beynəlxalq, 52 min 223 nəfəri isə daxili reyslərin payına düşür.
“Azərbaycan Hava Yolları”ndan (AZAL) Teleqraf.com-a verilən məlumata görə, I Avropa Oyunları zamanı Azərbaycana 28 mindən çox əcnəbi səfər edib. Avropa Oyunlarını izləmək üçün bilet alan əcnəbilərin böyük əksəriyyəti Rusiya, Böyük Britaniya, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və BƏƏ-nin vətəndaşları olub.
Bakıda keçirilən ilk Avropa Oyunlarında 49 ölkədən olan 6000-dən çox idmançı iştirak edib.
Qeyd edək ki, ümumi sahəsi 65 min kvadrat metr olan yeni aerovağzal kompleksində uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlər tətbiq edilib.
Heydər Əliyev Beynəlxalq Hava Limanı təhlükəsizliyin yüksək səviyyədə olmasını, rahat şərait və keyfiyyətli xidmət göstərilməsini təmin edib. Burada sərnişinlərin rahatlığını təmin etmək üçün hər cür şərait yaradılıb - çox sayda kafe və restoranlar, biznes salonlar, interaktiv köşklər və uşaq meydançası inşa edilib, zallarda 2000-dən çox rahat oturacaq, 40 ədəd qeydiyyat masası, 30 eskalator, 21 lift və binanın xaricində teleskopik traplar quraşdırılıb.
AZAL böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 istiqamətdən ibarətdir. 2014-cü ildə “Azərbaycan Hava Yolları” 1 milyon 800 mindən çox sərnişin daşıyıb.
Naibə QURBANOVA