Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri ordu generalı Vladimir Kulişovun dəvəti ilə Moskva və Kazan şəhərlərində rəsmi səfərdə olub.
DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, tədbir çərçivəsində keçirilmiş görüşlərdə nümayəndə heyətləri arasında Azərbaycan – Rusiya sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən Xəzər dənizində vəziyyət barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, əməkdaşlığın əsasını təşkil edən normativ hüquqi bazanın təkmilləşdirilməsi, təcrübə mübadiləsinin davam etdirilməsi, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilib.
Görüşlər zamanı ikitərəfli əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan və Rusiya sərhəd xidmətləri arasında əldə olunan qarşılıqlı əlaqənin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətinin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyi vurğulanıb.
Tərəflər sərhəd təhlükəsizliyinə qarşı təhdidlərin xarakterini müzakirə etmiş və dövlət sərhədində şəraitə təsir göstərən əsas faktorlar kimi sərhədyanı rayonlarda terror aktlarının törədilməsi cəhdlərini, qaçaqmalçılıq fəaliyyəti, narkotik vasitələrin, silah və sursatın dövlət sərhədindən qanunsuz daşınması, habelə qeyri-leqal miqrasiya ilə əlaqəli olan mütəşəkkil dəstələrin və ayrı-ayrı şəxslərin qanunsuz fəaliyyətini qeyd ediblər. Səfər çərçivəsində Azərbaycan DSX və Rusiya FTX-nın nümayəndə heyətlərinin işçi görüşünün protokolu imzalanıb.
Avqust ayının 21-də tədbir iştirakçıları Tatarıstan prezidenti Rustam Minnixanov ilə görüşüblər.
BƏXTİYAR