ABŞ-ın Los-Anceles şəhərinin meri Erik Qarsetti bəyannamə imzalayaraq 18 sentyabr 2015-ci il tarixinin Los-Ancelesdə “Üzeyir Hacıbəyli Günü” kimi qeyd olunacağını elan edib və bütün şəhər sakinlərini bu günü qeyd etməyə çağırıb.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən xəbər görə, Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi ilə əlaqədar qəbul edilmiş bəyannamədə dahi bəstəkarın Azərbaycan klassik musiqisinin banisi olduğu vurğulanır, onun ənənəvi Azərbaycan musiqisi və Avropa klassik operasının sintezi əsasında yeni bir musiqi janrı yaratdığı diqqətə çatdırılır.
Bəyannamə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna təqdim olunub. Sənəddə, Ü.Hacıbəylinin Azərbaycan maarifçiliyində oynadığı önəmli roldan da bəhs olunur. Qeyd olunur ki, Ü.Hacıbəylinin yaradıcılığının təsir gücü Azərbaycanın sərhədlərini aşaraq bütün Avrasiya bölgəsinə yayılıb. Eyni zamanda, sənəddə dahi bəstəkarın müsəlman dünyasında ilk opera və operettanın müəllifi olduğu xatırladılır, “Arşın mal alan” operettası və filmi barədə məlumat verilir və bu səpkidə filmin rənglənmiş versiyasının 19 sentyabr 2015-ci ildə ABŞ-da ilk dəfə olaraq Los-Ancelesdə nümayiş etdiriləcəyi bildirilir.
Qeyd edək ki, bu, ABŞ-ın ikinci ən böyük şəhəri olan Los-Ancelesin rəhbərliyi tərəfindən Ü.Hacıbəyli ilə əlaqədar qəbul edilmiş ilk sənəddir. Kaliforniyanın digər 5 şəhəri tərəfindən də oxşar məzmunlu sənədlər qəbul edilərək 18 sentyabr tarixi həmin şəhərlərdə “Üzeyir Hacıbəyli Günü” elan olunub. Bu şəhərlər, San Dieqo, Lonq Biç, Santa Monika, Vest Hollivud və Monterey şəhərləridir.
Səxavət