Rusiyanın Volqoqrad şəhərində azərbaycanlılarla ermənilər arasında silahlı insident baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.
Polisdən verilən məlumata görə, Ermənistan vətəndaşı olan 7 nəfər toy mərasimindən sərxoş vəziyyətdə çıxıb və taksi çağırıblar. Taksi sürücüsü sərxoş gənclərin 7-sinin də eyni zamanda onun maşınına əyləşməsinə etiraz edib. Bundan sonra gənclərlə azərbaycan əsilli sürücü A.Vəliyev arasında mübahisə yaşanıb və ermənilər sürücünü döyərək, ona ağır bədən xəsarəti yetiriblər.
A.Vəliyev isə öz növbəsində qohumu Y.Vəliyevi köməyə çağırıb. Hadisə yerinə gələn Y.Vəliyev üzərində gəzdirdiyi silahla 5 nəfərə atəş açıb. İnsident zamanı İqor Smolyan, Oleq Semenov, Armen Yeqizaryan, Aleksandr Klumuxin və Vlad Djercixanyan yaralanıb.
Şəhər polisindən bildirilib ki, hazırda taksi sürücüsü A.Vəliyev və yaralılardan 3 nəfər xəstəxanaya yerləşdirilib. Digər şəxslər, eləcə də Y.Vəliyev polis bölməsinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.
Samir